Rusiyanın nəzarətində olan Krım yarımadasında baş verən qəza nəticəsində elektrik enerjisinin verilməsində genişmiqyaslı fasilə yaranıb. Kəsinti Sevastopol şəhəri də daxil olmaqla yarımadanın müxtəlif ərazilərini əhatə edib.
Tribuna.az xəbər verir ki, bu barədə “Krım. Realii” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yarımadadan kənarda yerləşən enerji obyektlərində baş verən qəza elektrik təchizatının dayanmasına səbəb olub. “Sevastopolenerqo” şəhərin enerjisiz qaldığını təsdiqləyib.
“Krımenerqo” isə elektrik enerjisinin verilməsinə tətbiq edilən məhdudiyyətlərin bəzi ərazilərdə 3 saatdan 12 saatadək davam edə biləcəyini bildirib.
Məlumata əsasən, Simferopol, Yevpatoriya, Aluşta və Kerç də daxil olmaqla bir sıra şəhərlərdə elektrik təchizatında problemlər yaranıb. Simferopolda trolleybusların hərəkətində də fasilələr qeydə alınıb.
Enerji şirkətləri qəzanın nəticələrinin aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində işlərin aparıldığını bildiriblər.
İmran Kərimli









