Quba səhiyyəsində özbaşınalıq

Quba səhiyyəsində özbaşınalıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon Mərkəzi Xəstəxanasında xəstəyə münasibətlə bağlı ciddi narazılıq yaranıb.

Tribuna.az xəbər verir ki, Aydın Fətəliyev sosial şəbəkə hesabında paylaşım edərək ailə üzvünü noyabrın 26-da səhər saat 07:00 radələrində ağır vəziyyətdə xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə çatdırdığını bildirib.

Onun sözlərinə görə, xəstənin təcili USM müayinəsinə ehtiyacı olsa da, həkimin saat 10:00-da gələcəyi bildirilib. Daha sonra isə növbətçi qadın həkim xəstədə problem olmadığını əsas gətirərək müayinə üçün göndəriş verməkdən imtina edib.

“Xəstəni müayinə etmədən, lazımi müayinələr aparılmadan onun heç bir probleminin olmadığına necə qərar vermək olar?” – deyə şikayətçi bildirib.

Aydın Fətəliyev qeyd edib ki, nəticədə xəstəxananı tərk edərək özəl tibb müəssisəsinə müraciət ediblər. Orada xəstə müayinə olunub və ona müalicə təyin edilib.

Şikayətçi Quba Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyindən hadisənin araşdırılmasını, həmin növbədə çalışan tibb işçilərinin fəaliyyətinə hüquqi və xidməti qiymət verilməsini tələb edib.

Quba Rayon Mərkəzi Xəstəxanasının mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul