Sovet dövründən tanınan və 1970-ci illərdən istehsal olunan “Saşa” odekolonunun Belarusda satışı qadağan edilib. Məhsulun tərkibində kosmetika və parfümeriya istehsalında istifadəsinə icazə verilməyən kimyəvi maddə aşkarlanıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Sputnik Belarus” Belarusiya Dövlət Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna (BelGİSS) istinadən məlumat yayıb.
Yoxlama zamanı Rusiyada istehsal olunan odekolonun tərkibində Lilial adlı komponent müəyyən edilib. Bu maddənin parfümeriya və kosmetika məhsullarında istifadəsinə icazə verilmir. Aşkarlanan pozuntu məhsulun satışının qadağan edilməsi ilə nəticələnib.
Mütəxəssislərin bildirdiyinə görə, odekolon Gömrük İttifaqının parfümeriya-kosmetika məhsullarının təhlükəsizliyini tənzimləyən TR TS 009/2011 texniki reqlamentinin tələblərinə cavab vermir.
“Saşa”nın maraqlı istehsal tarixçəsi var. Ətirin istehsalına hələ 1970-ci illərdə Moskvadakı “Novaya Zarya” fabrikində başlanılıb. Sonralar onun istehsalı başqa müəssisələrdə də təşkil edilib. Buna görə də müxtəlif istehsalçıların hazırladığı odekolonların qoxusunda fərqlər yarana bilər.
Ətir ənənəvi olaraq ağac və fuje notları ilə xarakterizə olunur. Fragrantica platformasında onun qoxusu “Creed Aventus” və “ROJA DOVE Oligarch” ətirləri ilə müqayisə edilir.
“Saşa” sovet kinematoqrafiyasında da iz qoyub. Odekolonun adı Yuozas Budraytisin iştirakı ilə çəkilmiş 1981-ci il istehsalı “Опасный возраст” (“Təhlükəli yaş”) filmində çəkilir. Aktyorun canlandırdığı Narkis Rodimtsev obrazı ətriyyatçı-dequstator kimi çalışır.
Beləliklə, onilliklər ərzində tanınan sovet ətri bu dəfə nostalji xatirələrlə deyil, tərkibində aşkarlanan qadağan olunmuş maddə ilə gündəmə gəlib.
İmran Kərimli









