Alen Simonyan: “Bakıya yox, Gəncəyə və ya başqa şəhərə gedəcəyəm”

Alen Simonyan: “Bakıya yox, Gəncəyə və ya başqa şəhərə gedəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcək. O, səfərin Bakıya deyil, Gəncəyə və ya başqa bir şəhərə baş tutacağını bildirib.

Tribuna.az “NEWS.am” nəşrinə istinadən xəbər verir ki, Simonyan noyabrın 26-da hökumət binası qarşısında jurnalistlərə açıqlamasında səfərlə bağlı danışıb.

“Bəli, səfər dekabrın əvvəlində olacaq və Bakı nəzərdə tutulmur. Güman edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, amma Bakı olmayacaq”, – deyə Ermənistan rəsmisi bildirib.

Simonyan səfərin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana əvvəlki səfərinə cavab xarakteri daşıdığını qeyd edib. Onun sözlərinə görə, görüş zamanı əməkdaşlıq və texniki məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Hikmət Hacıyev 2026-cı il iyunun 14-də Ermənistana səfər edərək Dilican şəhərində Ermənistan Təhlükəsizlik Şurasının o zamankı katibi Armen Qriqoryanla görüşüb. Tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyinə dair məsələləri müzakirə ediblər.

Simonyan səfərin dəqiq tarixini və görüşlərin keçiriləcəyi şəhəri hələ açıqlamayıb.

Fərda Uğur