BDU tələbələrindən yeni rektora ilk müraciət – “Heç kim əhəmiyyət vermədi”

BDU tələbələrindən yeni rektora ilk müraciət – “Heç kim əhəmiyyət vermədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) “C” korpusunda təhsil alan tələbələr universitetin yeni rektoru Məleykə Abbaszadəyə açıq müraciət ünvanlayıblar.

Tribuna.az  xəbər verir ki, bu, Məleykə Abbaszadənin yeni rektor kimi fəaliyyətinin ilk günlərində tələbələr tərəfindən ünvanlanan ictimai müraciətlərdən biridir.

“Azərbaycan Tələbələri” səhifəsində yayımlanan müraciətdə tələbələr tədris korpusunun ətrafındakı səs-küydən və mövcud şəraitdən narazılıqlarını bildirərək problemin həllinə kömək göstərilməsini istəyiblər.

Tələbələrin sözlərinə görə, magistral avtomobil yolunun səsi, eləcə də korpusun yaxınlığında yerləşən qəssabxana və avtomobil yuma məntəqəsi dərs prosesinə mane olur. Onlar bu vəziyyətin diqqətlərini cəmləmələrinə çətinlik yaratdığını və tədrisin keyfiyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Müraciətdə bildirilib ki, tələbələr əvvəllər də narazılıqlarını ifadə etsələr də, məsələ ilə bağlı hər hansı nəticə əldə olunmayıb.

“Biz dəyərli rektorumuza səsimizi duyurmağa çalışırıq. BDU-nun “C” korpusunun tələbələri olaraq Məleykə xanımın bizi dinləyəcəyini və mövzu ilə yaxından maraqlanacağını bilirik. Düzdür, daha öncə də etirazımızı qeyd etmişdik, amma heç kim əhəmiyyət vermədi”, – deyə müraciətdə vurğulanıb.

Tələbələr əlavə ediblər ki, universitetə qəbul olarkən akademik mühit və təhsil şəraiti ilə bağlı gözləntiləri olub. Lakin hazırkı vəziyyət onların bu gözləntilərini doğrultmur. Onların sözlərinə görə, artıq 3-4 aydır bu şəraitdə təhsil almağa məcburdurlar.

Qeyd edək ki, Məleykə Abbaszadə 2026-cı il noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Həmin tarixdə Elçin Babayev rektor vəzifəsindən azad olunub. Abbaszadə bundan əvvəl Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.