AQC beynəlxalq standartların tətbiqini gücləndirir – Asif Yusubov

AQC beynəlxalq standartların tətbiqini gücləndirir – Asif Yusubov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı üçün qanunvericilik bazası formalaşsa da, bazarın real məlumatlarına çıxış, hesabatların keyfiyyətinə nəzarət, qiymətləndiricilərin peşəkar hazırlığının davamlılığı və bank sektorunda vahid metodoloji yanaşma kimi məsələlər hələ də həllini gözləyir.

Bu problemlərin aradan qaldırılması üçün, Qiymətləndirmə fəaliyyəti haqqında Qanuna yeni variantda əlavələr və beynəlxalq standartların milli praktikaya tətbiqi vacibdir.

Bu barədə AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən
Tribuna.az -a daxil olan məlumata görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin üzvü, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Asif Yusubov bildirib.

Onun sözlərinə görə, hazırda qiymətləndirmə sektorunda ən ciddi çətinliklərdən biri daşınmaz əmlak bazarında faktiki əməliyyat qiymətlərinin sistemli şəkildə əlçatan olmamasıdır. Qiymətləndiricilər bir çox hallarda elan saytlarındakı təklif qiymətlərindən istifadə etməyə məcbur qalırlar. Halbuki elan qiyməti ilə real alqı-satqı qiyməti arasında ciddi fərqlər ola bilər.

“Bizdə qiymətləndirmənin məlumat bazası ilə bağlı problem var. Satıcının elan saytında göstərdiyi qiymət hələ həmin əmlakın real bazar dəyəri demək deyil. Qiymətləndirici faktiki satış qiymətlərinə çıxış əldə etməlidir.

Bunun üçün notariat qaydasında təsdiqlənən alqı-satqı əməliyyatları əsasında anonimləşdirilmiş məlumat bazasının yaradılması məqsədəuyğun olardı. Almaniya təcrübəsində bu mexanizm uzun müddətdir tətbiq edilir.

Belə bir sistem həm qiymətləndirmənin dəqiqliyini artırar, həm də bazarda daha obyektiv qiymət göstəricilərinin formalaşmasına imkan verər”, – deyə ekspert qeyd edib.

Ekspert qiymətləndiricilərin peşəkar hazırlığı məsələsinə də diqqət çəkib. Bildirib ki, ixtisas imtahanından keçmək peşə fəaliyyətinə başlamaq üçün vacib şərtdir, lakin bu, mütəxəssisin sonrakı illərdə də eyni bilik səviyyəsini qoruyacağı anlamına gəlmir.

Onun fikrincə, qiymətləndiricilər üçün illik davamlı peşəkar təhsil proqramları, biliklərin dövri qiymətləndirilməsi və ixtisasın yenilənməsi mexanizmləri tətbiq olunması məqsədəuyğundur.

Bu, xüsusilə yeni qiymətləndirmə metodlarının, rəqəmsal texnologiyaların və süni intellektin peşə fəaliyyətinə daxil olduğu indiki mərhələdə əhəmiyyətlidir.

Asif Yusubov bank sektorunda girov qiymətləndirməsinin də ayrıca diqqət tələb etdiyini vurğulayıb. Qeyd edib ki, 2026-cı ilin mart ayının sonuna Azərbaycanın 22 bankının kredit portfeli 30,3 milyard manat, ipoteka kreditlərinin həcmi isə 4,6 milyard manat olub.

Belə böyük maliyyə portfelinin təminatında istifadə olunan əmlakın qiymətləndirilməsi bank risklərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Bankların qiymətləndirmə şirkətlərini seçməsi, hesabatları yoxlaması və girovun dəyərini müəyyənləşdirməsi ilə bağlı daha sistemli yanaşmaya ehtiyac var. Hər bankın öz daxili qaydalarının olması müəyyən fərqliliklər yaradır.

Hesabatların minimal tələbləri, qiymətləndiricilərin rotasiyası və müstəqil yoxlama meyarları üzrə ümumi metodiki tövsiyələrin hazırlanması faydalı olardı. Bu iş aidiyyəti qurumlar və peşəkar birliklərin iştirakı ilə həyata keçirilə bilər”, – deyə AQC rəsmisi bildirib.

O, qiymətləndirmə xidmətləri bazarında rəqabətin də yalnız xidmət haqqı üzərində qurulmamasının vacibliyini qeyd edib. Ekspertin fikrincə, aşağı qiymət təklifi ilə sifariş qazanmaq cəhdi hesabatın hazırlanmasına ayrılan vaxtın, məlumatların təhlilinin və peşəkar yanaşmanın zəifləməsinə gətirib çıxarmamalıdır. Bu səbəbdən qiymətləndiricinin müstəqilliyinin qorunması və hesabatın sifarişçinin gözləntilərinə uyğunlaşdırılmasına yol verilməməsi əsas prinsiplər hesab olunur.

Asif Yusubov bildirib ki, AQC tərəfindən sadalanan problemlərin həlli üçün beynəlxalq təcrübənin öyrənilməsi və milli qiymətləndirmə standartlarının təkmilləşdirilməsi işləri paralel aparılır.

Bu baxımdan AQC-nin 24 oktyabr 2026-cı ildə Vyanada Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupuna (TEGOVA) assosiativ üzv qəbul edilməsi qiymətləndirmə sektoru üçün yeni imkanlar yaradır. AQC təşkilatın 80-ci üzvü, Azərbaycan isə AQC vasitəsilə 43-cü ölkə olmaqla qiymətləndirmə sektorunu Avropa peşəkar platformasında təmsil etmək imkanı əldə edib.

“TEGOVA-ya üzvlüyü beynəlxalq təşkilatda təmsilçiliklə yanaşı, Avropa Qiymətləndirmə Standartlarının, peşəkar kvalifikasiya və keyfiyyətə nəzarət mexanizmlərinin Azərbaycanda tətbiqinə nail olmaq üçün şansdır.

Avropa təcrübəsində qiymətləndiricinin səriştəsi təkcə ilkin imtahanla deyil, həm də praktiki təcrübəsi, davamlı təhsili, etik davranışı və hazırladığı hesabatların keyfiyyəti ilə ölçülür. Bu yanaşmaların ölkəmizdə tətbiqi istiqamətində işlərimiz davam edir”, – deyə ekspert vurğulayıb.

Ekspert milli standartların hazırlanması prosesində də institusional əməkdaşlığın vacibliyini qeyd edib. Bildirib ki, Milli Qiymətləndirmə Standartlarının hazırlanması üzrə 54 saylı Texniki Komitəsi çərçivəsində aparılan işlər beynəlxalq standartların milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqinə xidmət edir.

AQC tərəfindən Beynəlxalq Qiymətləndirmə Standartları (IVS 2025) toplusundan əsas standartların Azərbaycan dilinə tərcüməsinin başa çatdırılması da bu istiqamətdə görülən işlərdəndir.

“Bizim əsas məqsədimiz beynəlxalq standartları sadəcə sənədlərdə əks etdirmək deyil, onların real qiymətləndirmə praktikasında işləməsini təmin etməkdir. Hazırda AQC TEGOVA üzvlüyünün açdığı əməkdaşlıq və təcrübə imkanlarından istifadə edərək yerli bazarda mövcud problemlərin həllinə töhfə vermək istiqamətində işlərini davam etdirir.

Qiymətləndirmə hesabatı bank, investor, dövlət qurumu və ya məhkəmə tərəfindən istifadə edilərkən onun məlumatlarına və nəticələrinə etibar edilməsi zəruri hesab olunur. Sektorun inkişafını da məhz bu etimad müəyyən edəcək”, – deyə Asif Yusubov fikrini yekunlaşdırıb.