İsmayıllıda qəribə hadisələr baş verir. Tribuna.az xəbər verir ki, “Tinglik” adlanan ərazidə tapılan at və uzunqulaq ayaqları, eləcə də həmin heyvanlara aid digər tullantılar böyük səs-küy yaradıb. Rayonda at və uzunqulaq ətinin mal əti adı ilə satıldığını iddialar var. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov deyib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb. Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar. Hazırda Polis Şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir.
AQTA-nın şöbə müdiri Mansur Piriyev də məsələnin agentlik tərəfindən nəzarətə götürüldüyünü bildirib.









