Milli Məclisin iclasında deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyl göstərmirlər. Onun sözlərinə görə, faiz məsələsindən dolayı bizim dindar insanlar öz pullarını bəzi islam ölkələrində olan islam qaydaları ilə fəaliyyət göstərən banklara yatırırlar: “Bu da bizim investisiyanın xaricə getməsinə səbəb olur. Bu gün Azərbaycanda dinə meyl artıb. Bu baxımdan da Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasını vacib hesab edirəm”.
Sözügedən məsələ ilə bağlı TİA. Az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov İslam bankçılığının Azərbaycanda özünü doğruldacağına inanmadığını bildirib:
“Düşünmürəm ki, Azərbaycanda İslam bankçılığı ciddi bir şəkildə inkişaf edə bilər. Birincisi, Azərbaycanda müəyyən bankların fəaliyyətində artımlar olsa da, ümumi anlamda bank sektorunda vəziyyət o qədər qənaətbəxş deyil. İflasa uğrayan, zərərlə işləyən bankların sayı getdikcə çoxalır. Həmçinin iqtisadi cəhətdən dünyada çalxalanmalar gedir. Bir çox sahələrdə, o cümlədən bank sektorunda təlatümlər var. Ona görə də bir bankın bazara girməsi və dirçəlməsi asan deyil. Hazırda risklər daha çoxdur. İslam bankçılığında faiz məsələsinə gəldikdə isə nəzərə alsaq ki, dünyada inflyasiya tüğyan edir və inflyasiyanın sürəti bank depozitlərindən yuxarı səviyyədədir, bu şəraitin özü İslam bankçılığı ilə bağlı risk faktoru yaradır. Azərbaycanda dindar çox ola bilər, amma reallıq onu göstərir ki, söhbət pula gəldiyi zaman çox az dindar pulunu faizsiz yaxud da minimal şərtlərlə banka qoya bilər”.
Aytac
TİA. Az









