İki gün öncə akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib. Görəsən, İsa Həbibbəylinin gəlişi illərdir ki, qalmaqal ocağına çevrilən akademiyada nəyi dəyişəcək? Mövzu ilə bağlı TİA. Az – a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə nəyinsə dəyişəcəyinə inanmır:
“İsa Həbibbəylinin AMEA-nın prezidenti seçilməsi mahiyyət etibarilə sistem dəyişməzsə, heç nəyi dəyişməz. AMEA-nın idarəetmə sistemi, proseslərə yanaşması doğru deyil. Uzun illər – hələ Sovet dönəmindən Milli Elmlər Akademiyası əslində cərimə batalyonunu xatırladıb. Vəzifədən vurulan şəxslərin hamısı akademiyanın sisteminə yerləşdirilib və onlar orada sanki günlərini keçirirmiş kimi görünüblər. Fundamental elmlə məşğul olunmayıb, elmlə məşğul olanlara verilən qiymət də düzgün olmayıb. Azərbaycanda elmi işlə məşğul olub, müdafiə edənlər cibinin pulunu xərcləyir. Halbuki dünyada ixtira, kəşf, yaxud da elmi işlər yazanlar böyük vəsaitlər qazanır. Elmi işlərin əksəriyyəti perspektivsiz, müasir dünya elmi ilə uyğunlaşmayan mövzulardadır.
Dünyada adətən, elmin başında dəqiq elmlərin adamları bu tipli elm müəssisələrinə rəhbərlik edir. Çox təəsüf ki, humanitar sahə daha çox ölkəyə bağlı sahə hesab olunur. AMEA dünya elmi ilə ayaqlaşmaq istəyirsə, mütləq onun başında dəqiq elmlərin, texniki elmlərin rəhbərləri olmalıydı. Təəssüf ki, bütün bunların hamısını nəzərə alanda deyə bilərik ki, İsa Həbibbəylinin prezident seçilməsi AMEA-da heç nəyi dəyişməyəcək”
Aytac Sahəd
TİA. Az









