“İnsanları parça torbalara öyrəşdirmək lazımdır” – Ekspert

“İnsanları parça torbalara öyrəşdirmək lazımdır” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən ölkənin ticarət obyektlərində alışveriş zamanı polietilen torbalar üçün ayrıca pul alınacaq. Kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, polietilen torbalar insan orqanizmi üçün zərərli olmaqla yanaşı, ekologiyaya da böyük ziyan vurur:
“Hər gün milyonlarla paket ekologiyanı çirkləndirir. Buna görə də dünyada polietilen torbalardan imtina edilir. Hazırda bir sıra Avropa ölkələri ilə yanaşı, bəzi keçmiş sovet ölkələrində də​ polietilen torbalara qadağa tətbiq edilir. Qonşu ölkələrdə bu torbalar pul ilə satılır. Burada məqsəd qazanc əldə etmək deyil. Bununla torbalara tələbatın azalacağına ümid edilir. Bu məsələdə insanların davranış qaydasının dəyişməsi üçün zamana ehtiyac var. Bu istiqamətdə təşviq addımları atılmalı, maarifləndirmə işləri aparılmalıdır. Tədricən insanları parça torbalardan istifadəyə öyrəşdirmək lazımdır. Yaxud da insanlar özləri ilə parça torbalar gəzdirməlidir. Polietilen torbalara alternativ hazırlamaq üçün mağazalar öz xərclərini artırmaq istəmirlər. Polietilen torbalar ən ucuz başa gəlir. Onun əvəzinə parçadan və ya çox istifadə edilən materiallardan hazırlanmış torbaları alıcılara pulsuz təqdim etsələr, mağazaların xərci artacaq. Ona görə də inanmıram ki, yaxın gələcəkdə mağazalar belə bir addım atsınlar”.
Natiq Cəfərli qeyd edib ki, polietilen torbaların pullu satış ilə iş bitməməli, digər təşviqedici addımlar da atılmalıdır:
“Avropa ölkələrində bu istiqamətdə müxtəlif aksiyalar həyata keçirilir. İri marketlərin qarşısında pulsuz parça torpalar paylanılır. Bizdə də belə aksiyaların təşkilinə ehtiyac var”.