İLHAM ƏLİYEVDƏN ÖNƏMLİ SÜLH AÇIQLAMASI: PROSES NİYƏ RƏVAN GETMİR? – EKSPERT RƏYİ

İLHAM ƏLİYEVDƏN ÖNƏMLİ SÜLH AÇIQLAMASI: PROSES NİYƏ RƏVAN GETMİR? – EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir”.

Bu fikri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib. “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur”, – dövlət başçısı bildirib. Prezident qeyd edib ki, hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır: “Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.
Bəs, sülh sənədinin imzalanması üzrə iş niyə rəvan getmir? Ermənistan buna necə əngəl olur? Sualımızı cavalandıran siyasi ekspert Ramiyə Məmmədova Tribuna.az-a deyib ki, rəsmi İrəvan sülh sazişinin imzalanmasının tarixini uzatmağa çalışır.


Onun fikrincə, buna səbəb iki faktordur – Türkiyədə seçkilərin nəticələrinə bel bağlamaq və İrandan olan dəstək. Təhlilçinin sözlərinə görə, Paşinyan hökuməti Türkiyədə seçkinin nəticələrinə görə siyasi iqtidarın dəyişəcəyinə ümid bəsləyir: “Buna qədər vaxt udmağa başlayıb. Paşinyan komandasına elə gəlir ki, Ərdoğan seçkini uduzacaq, Türkiyənin başı özünə qarışacaq, yeni iqtidarın Azərbaycana dəstəyi lazımı səviyyədə olmayacaq, bununa da Ermənistan revanş hazırlıqları görəcək, Zəngəzur dəhlizini heç zaman açmayacaq, üçtərəfli sənədin bəndlərini icra etməyəcək”.
Ekspert hesab edir ki, Ermənistan hakimiyyətinin ilgəyi boğazındadır və sülh müqaviləsi bağlamaqdan başqa xilası yoxdur: “İrəvan sülh sənədində Qarabağın olmasını şərt kimi irəli sürür. Biz buna razı deyilik. Amma orada yaşayan ermənilərin hüquqları və təhlükəsizliyinə zəmanət veririk. Eyni zamanda, sülh müqaviləsinin bağlanmasına əngəl olan Rusiyadır. Moskva Vaşqinqton, Brüssel, yaxud ikitərəfli danışıqlar əsasında saziş bağlanmasına qarşıdır. Onun mövqeyi budur ki, 10 noyabr sənədini Putin imzaladıbsa, sülh müqaviləsi də onun moderatorluğu ilə olmalıdır. Lakin Rusiya sənədə status məsələsini gələcək nəsillərə saxlamaq bəndi salmaq istəyir ki, Bakı qətiyyən əleyhinədir. Ona görə cənab Prezident sülh işi üzrə proses getdiyini, lakin rəvan getmədiyini deyərkən düşünürəm ki, bu məqamları da nəzərdə tutmuş ola bilər”.