Çempionatımızın iki böyük klubu olan “Neftçi ” və “Qarabağ” komandalarının builki məqsədi 10-cu dəfə Azərbaycan çempionu olaraq 2-ci ulduzu loqolarında əks etdirmək idi. “Köhlən Atlar” bu məqsədə doğru inamla irəliləsə də, “Flaqman” üçün eyni sözləri demək mümkün deyil.
Azarkeşlərin Samir Abasovu istefaya səsləməsi və bunun ardından mövsüm başa çatdıqdan sonra edilən baş məşqçi dəyişikliyi, heyətə yeni legionerlərin cəlb edilməsi “Neftçi” camiəsini ümidləndirmişdi. Yeni baş məşqçinin gəlişindən sonra komandanın Konfrans Liqasında ilk mərhələni adlaması bu ümidləri daha da artırmışdı. Hal-hazırda isə həmin o ümidlərin söndüyünü söyləsəm yanılmaram. “Neftçi” azarkeşlərinin “Sabah” ilə oyunda açdığı pankartda yazılan sözlər də bu fikrimi təsdiqləyir – “Təbriklər. Axır ki, “Neftçi”ni batırdıq!”
2-ci ulduz arzusunda olan “Neftçi” hal-hazırda çempionluq pilləsindən 2 pillə geridə qərarlaşıb. Bu sezon əsas rəqiblərindən olan “Sabah”a məğlubiyyət nəticəsində “Ağ-qaralar” demək olar ki, çempionluğdan bir qədər də, uzaq düşdü. Hətta 4-cü yerdə olan “Zirə” ilə arasında fərq də azaldı. Bu gedişatla “Neftçi”nin 4-cü yerə düşməyi də mümkündür. Əgər belə olacaqdısa niyə Samir Abasov göndərildi? Əlində ki, heç də geniş olmayan heyyət ilə ilk ilində çempionluq, ikinci ilində isə 2-ci yer məncə pis nəticə deyildi.
Düzdür, indidən qəti bir şəkildə “Neftçi çempion olmayacaq!” demək olmaz. Gedişat onu göstərsə də, riyazi baxımdan baxdıq da “Flaqman”ın çempionluq şansı hələ də qalmaqdadır. Komanda qarşıdakı turlarda oyununu yaxşıya doğru dəyişsə belə artıq hər şey öz əlində deyil. Əsas rəqiblərinin də xallar itirməsini gözləməlidir.
Nihat Kərimli
Tribuna.az









