HÜQUQ MÜDAFİƏÇİSİ QURU SƏRHƏDLƏRİ AÇMAĞA ÇAĞIRDI: “İRANLA İSTİSNA, MAYDA DİGƏR YOLLAR NİYƏ DƏ AÇILMASIN?!!

HÜQUQ MÜDAFİƏÇİSİ QURU SƏRHƏDLƏRİ AÇMAĞA ÇAĞIRDI: “İRANLA İSTİSNA, MAYDA DİGƏR YOLLAR NİYƏ DƏ AÇILMASIN?!!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nazirlər Kabineti İran istisna, digər ölkələrlə quru sərhədlərini açmaq qərarı verməlidir. Artıq pandemiya ilə vidalaşırıq, əksər ölkələr qonşularla quru sərhədlərini çoxdan açıb. Qarşıdan yay gəlir və vətəndaşlar təxminən üç ildir ki, quru sərhədlərlə Gürcüstana, Türkiyəyə, Rusiyaya gedə bilmirlər. Təyyarə qiymətləri isə fantastikadır və hər kəsin AZAL-ın soyğunçu qiymətlərinə imkanı yoxdur”.


Bu sözləri Tribuna.az-a “Müstəqil Həmkarlar” İctimai Birliyinin İdarə Heyətinin üzvü Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, mayda quru sərhədlərin açılacağı haqda gəzən söz-söhbətlərin, yayılan qeyri-rəsmi informasiyaların təsdiqlənəcəyinə ümid edir: “Quru sərhədlərin bağlı saxlanması həm də vətəndaşların hüquqlarını pozmaqdır. Nazirlər Kabinetinin quru yolları açmaması üçün heç bir səbəbi və əsası qalmayıb. İndi yoluxmalar sıfıra enməkdədir, əksəriyyət vaksin olunub, epidemiya sönüb, karantin tamamilə yumşalıb, toy, yas mərasimlərinə icazə var, yüzlərlə insan bir yerə toplaşıb hər hansısa məclis, şənlik keçirə bilirlərsə, o halda quru sərhədlərdən keçidə niyə icazə olmamalıdır? Bu həm də sosial narazılıq, sosial gərginlik yaradan hallardır. Ona görə Gürcüstan və Rusiya sərhədlərinin açılmasını gözləyirik”.
Hüquq müdafiəçisi hesab edir ki, İranın son təxribatları, terror hücumları, bizə olan təhdidləri səbəbindən bu ölkə ilə quru sərhədlər açılmaya bilər: “Faktiki olaraq, İran düşmənçilik siyasəti yürüdür və hazırda ciddi bir gərginlik hökm sürməkdədir. Belə həssas, kövrək və təhlükəli zamanda cənub qonşuya gediş-gəlişi açmaq risklidir, ölkəmizə qarşı yeni təxribatlara rəvac verə bilər. Amma Gürcüstana, Türkiyəyə, Rusiyaya niyə də getmək olmasın?! İnanıram ki, hökumət doğru qərar verəcək və mayda vətəndaşları sevindirəcək”.