Yüksək qan təzyiqindən əziyyət çəkən insanlara duz qəbulunda ehtiyatlı olmaq tövsiyə edilir. Bəzi hallarda onun gündəlik istifadəsinin tamamilə dayandırılması lazım gələ bilər.
Tribuna.az AIF.ru-ya istinadən xəbər verir ki, dietoloq və endokrinoloq Pavel Baranov bu barədə nəşrə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, hipertoniya və arterial təzyiqin yüksəlməsi zamanı gündəlik duz qəbulu 2–3 qramdan aşağı səviyyəyə endirilə bilər. Xəstəliyin müalicə ilə belə lazımi səviyyədə nəzarətdə saxlanılması mümkün olmadıqda isə yeməklərə əlavə edilən duzdan tamamilə imtina etmək tövsiyə oluna bilər.
Baranov bildirib ki, bəzi xəstələrdə qan təzyiqini aşağı salan bir neçə dərmanın birlikdə istifadəsi belə istənilən nəticəni vermir. Belə hallarda digər müalicə tədbirləri ilə yanaşı, duz qəbulunun tam məhdudlaşdırılması da tətbiq edilə bilər.
Həkim vurğulayıb ki, sağlam insanlar üçün bu cür sərt məhdudiyyətlər nəzərdə tutulmur.
Onun sözlərinə görə, gündəlik duz qəbulunun digər normaları fərdi xüsusiyyətlərdən, mövcud əks göstərişlərdən və müalicə həkiminin tövsiyələrindən asılıdır.
İmran Kərimli









