Kiçik yaşlarda hiperaktivliyi, kontrol problemi, davranış çətinliyi olan uşaqları adətən idmana yönəldirlər. “Bir az idmana qoy, idmanla məşğul olsun, aqressiyası azalsın” kimi fikirlər olur. Ancaq doğru idman növü seçilmədikdə, uşağın aqressiyası nəinki azalır, eyni zamanda öyrəndiyi fəndləri daha çox aqressiyasını çıxmaq üçün istifadə edir.
Bu sözləri Tribuna.az-a psixoloq Narınc Rüstəmova idmançı gənclərdən birinin ölümü ilə nəticələnən idman zalında baş verən dava ilə bağlı danışarkən deyib. Psixoloq qeyd edib ki, bu yaşlarda uşaqlarda, gənclərdə aqressiyanı, stresi idarə edə bilməmək problemi çox müşahidə edilir:
“Xüsusilə idmanla məşğul olan gənclər arasında bu daha aktualdır. Onların daxili gərginliyi daha çox olur. Belə bir hal baş veribsə, demək ki bu ilk dəfə deyil, bu aqressiya artıq kiçik yaşlardan başlayıb. Belə ki, bu cinayət hadisəsindən əvvəl araşdırsaq hadisəni törədən şəxsin ətrafındakı insanlara qarşı zorakılıq, aqressiya, fiziki cəhətdən özündən zəifləri əzmək, şiddət göstərmək və. s halların şahidi ola bilərik. Bəzən bu halları valideynlər, xüsusilə analar atadan gizlətməyə çalışırlar və ya əksinə atalar bunu yaxşı bir xüsusiyyət kimi “kişilik göstəricisi” kimi görür, hətta buna görə uşaqları bəzən mükafatlandırırlar.
Bu zaman davranışı ilə rəğbət görən uşaq belə davranışlarla daha çox diqqət görməyə “afərin” almağa ehtiyac hiss edir və bu hərəkətləri təkrarlamağa başlayır. Bu da öz növbəsində onun təhsil həyatına, məktəb həyatına da təsir edir. Çünki şiddətlə, zorakı davranışla diqqət çəkmək daha asandır, nəinki dərs oxumaq, faydalı işlər görmək, zehni fəaliyyətlə məşğul olmaq”.
Psixoloq bildirib ki, valideynlərin əsas vəzifəsi uşaqları doğru idman növünə yönləndirməkdir:
“Hiperaktivlik, aqressiya, davranış çətinliyi olan impulsiv uşaqların (duyğularınə idarə edə bilməyən) sərt, döyüş tipli idman növlərinə yönləndirilməisi doğru deyil. Əksinə belə uşaqlara sakit idman növləri, yəni içərisində sərtlik və ağır fəndlər olmayan, məsələn, gimnastika, üzgüçülük daha çox fayda verə bilər. Bəzən valideynlər yanlış seçim edərək hiperaktivliyi, aqressiyası olan uşaqları cudoya, boksa, karateyə və s yönəldirlər. Bu da gələcəkdə xoşagəlməz problemlərin yaranmasına, onların ətrafındakı özündən zəif insanlara, dostlarına qarşı zorakı, qəzəbli davranış sərgiləməsinə hətta idmanda öyrəndiyi fəndləri onlara qarşı tətbiq etməsinə səbəb olur”.
Nigar
Tribuna.az










