Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirdikdən sonra Hesablama Palatası dərhal nazirlikdə yoxlamalar apardı. Palata mədəniyyət naziri Anar Kərimovun dövrünü təftiş edərək külli miqdarda yeyinti aşkarladı. Lakin burada maraq doğuran nüans Hesablama Palatasının gecikmiş və sonradan atılan daşın topuğa dəyməsidir.
Tribuna.Az yazır ki, əslində, Hesablama Palatası təftişi vaxtında həyata keçirməli və DTX-nın əməliyyatından əvvəl yaymalı idi. Amma nazirlikdə həbslərin olmasından ürəklənən Palata öz fəaliyyətini piar etmək üçün “vurulmuş” nazirlikdə mənimsəmə, maxinasiya halları təsbit etdi. Əslində bunun özü Hesablama Palatasının işinin sabun köpüyündən və “pakazuxalıq”dan ibarət olduğunu ortaya qoydu.
Qeyd edək ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər istintaqa cəlb olunublar. Ancaq buna qədər Hesablama Palatası hara baxırdı? Gözləyirdi ki, DTX əməliyyat keçirsin, sonra maliyyə yeyintilərini aşkarlasın?!
Ümumiyyətlə, bu, ilk hal deyil. Palata dəfələrlə olub ki, DTX-nın antikorrupsiya əməliyyatının ardınca öz hesabatını yayıb. Bu da qurumun rəhbərlinin “portfelsiz məmura” çevrildiyini, dişsiz bir təsirə malik olduğunu nümayiş etdirməkdədir.
O halda Hesablama Palatasının mövcudluğu qurumlarda nöqsanları aşkarlamaqda dövlətə nə kimi fayda verir? Büdcədən bu şəkildə pullar sovuran Palatanın büdcə mənimsəmələrini aşkar etməsinin özü də bir tragikomediyadır.









