“Paşa Bank”ın depozit portfeli 2026-cı ilin ilk doqquz ayında azalıb. Bankın maliyyə hesabatına əsasən, azalma əsasən hüquqi şəxslərin depozitləri hesabına baş verib.
Tribuna.az xəbər verir ki, 2026-cı il sentyabrın 30-na bankın depozit portfeli 7 milyard 487 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 65,1 milyon manat və ya 0,9% azdır.
Ötən ilin sonunda bankın ümumi depozit portfeli 7 milyard 552,1 milyon manat olub.
Ən böyük azalma hüquqi şəxslərin depozitlərində qeydə alınıb. Belə ki, şirkətlərin “Paşa Bank”da yerləşdirdiyi vəsaitlərin həcmi 2025-ci ilin sonundakı 5 milyard 595,7 milyon manatdan 2026-cı ilin sentyabr ayının sonunda 5 milyard 509,1 milyon manata enib.
Beləliklə, doqquz ay ərzində hüquqi şəxslərin depozitləri 86,6 milyon manat və ya 1,5% azalıb.
Fiziki şəxslərin depozitlərində isə əks tendensiya müşahidə olunub. Əhalinin bankda yerləşdirdiyi vəsaitlər 1 milyard 956,4 milyon manatdan 1 milyard 977,9 milyon manata yüksəlib.
Bu isə 21,5 milyon manat və ya 1,1% artım deməkdir.
Lakin fiziki şəxslərin depozitlərindəki artım hüquqi şəxslərin vəsaitlərindəki azalmanı kompensasiya edə bilməyib. Nəticədə bankın ümumi depozit portfeli kiçilib.
Sentyabrın sonuna olan göstəricilərə əsasən, “Paşa Bank”ın depozit portfelinin təxminən 73,6%-i hüquqi şəxslərin, 26,4%-i isə fiziki şəxslərin payına düşüb.
Qeyd edək ki, depozitlərin azalması fonunda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 650,8 milyon manatdan 919,9 milyon manata yüksəlib. Bu istiqamətdə artım 269,2 milyon manat və ya 41,4% təşkil edib.
Fərda Uğur









