GÜNEY AZƏRBAYCANA SAHİB ÇIXMAQ ÜÇÜN İLK REAL ŞANS YARANIB

GÜNEY AZƏRBAYCANA SAHİB ÇIXMAQ ÜÇÜN İLK REAL ŞANS YARANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda rejimə qarşı xalq etirazları şəklini alan dirənişlər davam etməkdədir. Proseslər qismən nəzarətdən çıxıb, belə ki, 400 nəfərdən çox etirazçının qətlə yetirilməsinə, 18 min nəfərin həbs edilməsinə rəğmən, etirazlar səngimək bilmir. Etirazların gücü və potensialı orada gənclərin iştirakının üstünlük təşkil etməsinə bağlıdır.

Bu sözləri Tribuna.az-a professor Adil Qeybulla bildirib. Onun fikrincə, bu cür rejimlərdə etirazların vüsət alması üçün 2 əsas baryeri aşması tələb edilir:

“Psixoloji təpgi qorxusu – İlkin həbslər və müxtəlif səpgili repressiyalar,
İçgüdüyə dayanan qorxu – Hökumətin güc aparatı ilə savaş və bu qarşıdurmada ölüm qorxusu.
İkincili amil izdihamın kütləvilik əmsalının yüksələn xətt üzrə getməsinə təkan verir.
Birinci baryer arxada qalıb, ikinci isə ayrı-ayrı bölgələrdə qismən aşılmaqdadır.
Paytaxt Tehranda və iri şəhərlərdə izdihamın alovlanması və vüsət alması mərkəzi hakimiyyətin iflici üçün əsas amil olacaq. Sonuncu müşahidə edilmədiyindən real qələbəyə aparan dönüşdən hələlik söhbət gedə bilməz. Bu həm də onu göstərir ki, real beynəlxalq dəstək də gözləmə mövqeyindədir”.

A.Qeybulla əlavə edib ki, yalnız əhalinin kütləvi silahlanması və ya dinc nümayişçilərin ciddi itkilərə baxmayaraq müqavimətinin nəinki səngiməsi, hətta intensivləşməsi, hadisələrinin sonucunun konturlarının şəkillənməsi beynəlxalq dəstəyi fəallaşdıra bilər:”Təhrir inqilabında 5.000 nəfərə yaxın insan tələfatına baxmayaraq, paytaxt Qahirədə gənclərin üstünlüyü ilə davam edən intensiv etirazlar rejimin sonunu gətirdi.
Bu gün kürdlərin, bəlucların məskunlaşdığı ərazilərdə savaşın artan xətlə qızışması, sürətlə silahlanma, xeyli (deyilənə görə 60-a yaxın) SEPAH üzvlərinin silahlı qarşıdurmada qətlə yetirilməsi göstərir ki, proseslər tezliklə sönməyəcək.
Bu gün İranda əxlaq polisi adlanan qurumun ləğvi, rejimin simvolu sayılan baş örtüyü şərtinə yenidən baxmaq imkanı haqda hökumətin rəsmi mövqe sərgiləməsi göstərir ki, rejim geri addım atmaqdadır. Kütlənin müqaviməti artdıqca, proseslər daha da vüsət alacaq.
Lakin bu etirazların tam idarəolunmaz formaya keçməsi İrandakı rejimin ən böyük dayağı hesab edilən Güney Azərbaycan türklərinin mövqeyindən asılıdır. Bu coğrafiyada müqayisədə götürsək “məzar sükutu”nun davam etməsi İran rejiminin real resursu sayıla bilər. İranın taleyi və soydaşlarımızıın mövqeyi düz mütənasiblik təşkil edir. Davam edən savaşda onların sükutu daimi qalmayacaq. Lakin soydaşlarımız bu durumdan az itki ilə çıxmalı və daha real nəticələr əldə etməlidirlər”.

A.Qeybulla bildirib ki, Güneyimizə sahib çıxmaq üçün bədnam Türkmənçay müqaviləsindən sonra ilk real şans yaranmaqdadır:

“Bu şansı itirməmək üçün səfərbər olmalıyıq. İrandakı proseslərin nəticəsi olaraq soydaşlarımızın və vətənimizin Cənub yarısının taleyi bizim üçün həyati önəm kəsb edir. Bu bölgədə işlərin təşkili, beynəlxalq hüquqa dayanan yol xəritəsinin hazırlanması, tələb olunan situasiyada soydaşlarımıza hər türlü dəstəyin verilməsi vacibdir. Azərbaycan prezidentinin müxtəlif beynəlxalq auditoriyalarda verdiyi aydın və hədəfli mesajlar, KİV-lərin, vətəndaş cəmiyyətinin fəallaşması çox müsbət tendensiyalardır. Lakin Qüzeydə Güney Azərbaycanla bağlı dövlət səviyyəsində və ya dövlətin himayəsi altında səmərəli və planlı fəaliyyət üçün səlahiyyətli qurumlar yaradılmalı, yönətim koordinasiya olunmalıdır”.

Nigat

Tribuna.az