FİLOSOF ƏLİSA NİCAT AĞIR DURUMDA, QADIN MƏMUR TƏQAÜDƏ MANE OLUR: DƏSTƏK KAMPANİYASI BAŞLADI…VİDEO

FİLOSOF ƏLİSA NİCAT AĞIR DURUMDA, QADIN MƏMUR TƏQAÜDƏ MANE OLUR: DƏSTƏK KAMPANİYASI BAŞLADI… VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filosof, tanınmış yazıçı Əlisa Nicat acınacaqlı vəziyyətdədir. O, maddi problemlərə görə, qaz pulunu ödəyə bilmir. Qanun nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu bu faktı paylaşıb.

Sitat: Əlisa Nicatdan soruşuram qalın geyinmisən çox üşüyürsən? Deyir, ev soyuqdur.
– bəs qaz gəlmir?
– qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm.
Əlisa Nicatın 87 yaşı var, 100 dən çox kitabın müəllifidir”.

Araşdırmaçı Dilqəm Əhməd bu məsələ ilə bağlı maraqlı detala toxunub. Onun dediyinə görə, Əlisa Nicatı maddi-mənəvi yaşadan oxucularıdır: “İmkanlı oxucuları vardı ki, dəstək olurdu. İmkansızlar kitablarına abunə olurdu.

Onun ahıl yaşında dövlətdən tək istədiyi məişət qayğılarından azad olması üçün prezident təqaüdünün verilməsi idi. Buna isə bu işə baxan qadın məmur həmişə qarşı olub.

Problemin istiqaməti buna yönəlməlidir. Dövlətin bu istiqamətdə təqaüdü var və şəxsin daşıdığı ictimai-siyasi görüşündən asılı olmayaraq dəyər yaradanlara verməlidir”. D. Əhməd deyir ki, Əlisa Nicat adı bugünkü gənclərə heç nə deməyə bilər: “Amma böyük bir nəsil onu tanıyır, oxuyur, onlar üzərində iz qoyub.
Bu baxımdan humanitar şöbənin indiki rəhbərliyi qocaman yazıçıya dəstək olmalıdır” .

Tribuna.az-ın baş redaktoru Əlişir Əhəd onunla bağlı müraciət ünvanlayıb: Bir anlıq təsəvvür edək ki, babamız, ya da elə atamız ahıl yaşında bu soyuqda hansısa evdə, hansısa otaqda üşüyür, vəziyyəti yaxşı deyil.
Təsəvvür etmək belə ağrılıdır.
Azərbaycan ədəbiyyatı, tarixi üçün böyük işlər görmüş Əlisa Nicat hazırda bu vəziyyətdədir. Əlimizdən gəldiyi qədər yardım edək.
Aşağıdakı kart hesabına pul köçürə bilərsiniz:

6768 6771 7676 6289
Kapital bank
Əlisa Hüseynov

Əlisa Nicatın mobil nömrəsini də paylaşıram, kömək etmək istəyən əlaqə saxlaya bilər: +994558343269

“Əlisa Nicat kimi bir ustanı ağır güzaran içində görmək çox kədərlidir, üzücüdür. Milli Cəbhə Partiyası – MCP, partiyamızın sədri deputat Razi Nurullayev MP də bu məsələni bir neçə dəfə səsləndirib. Filosofla bir neçə dəfə görüşlərimiz olub, evində olmuşuq, kitabıın təqdimatını edib satışını təşkil etmişik ki, az da olsa dəstək ola bilək. Amma bundan artığına gücümüz çatmayıb”- partiya sözçüsü Vüsal Qarayev bunu yazıb. Onun sözlərinə görə, bunun üçün də Razi Nurullayev dəfələrlə bildirib, rica, tələb edib ki, Əlisa Nicata prezident təqaüdü verilsin: “Axı bu, çətin bir məsələ deyil. Dövlət baba, Əlisa Nicat kimi bir yazar, publisist, filosofun kasıblıq içində yaşaması sənin ayıbındır…”

Həmçinin yazarlar, sosial media fəalları da dəstək postları paylaşıblar.