Festival qadağasının pərdəarxası: “Filmi heç kim görməyəcəkdi, ta ki…”

Festival qadağasının pərdəarxası: “Filmi heç kim görməyəcəkdi, ta ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əbülfəz Qarayevin qızı Suad Qara tərəfindən ekranlaşdırılan “Məhsəti” filmi ətrafında son günlər yaranmış müzakirələr ictimaiyyətin böyük marağına səbəb olub. Həmçinin, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə də qadağa qoyulub. Filmdə eynicinslilərin intim kadrları da yer alıb. Sizcə qadağan edilməsində bu amil də varmı?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən tanınmış ssenarist Elxan Xanəlizadə film və onun ətrafında dönən hadisələr barədə fikirlərini bildirib.

E. Xanəlizadə deyib:

“Mənim yaxşı yadımdadır ki, “Kuklalar” filmini Mədəniyyət Nazirliyi qayçılamışdı. Həmin dövrdə Mədəniyyət Naziri Əbülfəz Qarayev idi. Filmləri senzuraya qoymaq, qayçılamaq Ə. Qarayevdən bizim mədəniyyətimizə, yaradıcılığa qalan pis “mirasdır””.

“”Məhsəti” filminə gələndə, mənə şəxsən bir insan kimi çox maraqlıdır ki, Ə. Qarayev nazir olsaydı, qızının çəkdiyi o filmi qayçıladardımı? Yoxsa, deyərdi: “Bu möhtəşəm bir sənət əsəridir, açıq nümayiş etdirin”. Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfinə gəldikdə, mən şəxsən o filmin senzuraya qoyulmasını qınayıram. Çünki o film festivala buraxılsaydı, Azərbaycanda heç kimin o filmdən xəbəri olmayacaqdı. Necə ki, festivalda göstərilən, hətta qalib gələn digər filmlərdə olduğu kimi. Əslində, “Məhsəti” filmi haqqında yaradılan bu stəkandakı fırtına bir növ filmin rejissoru Əbülfəz Qarayevin qızı Suad Qaraya böyük bir yaxşılıq idi. Onun piarı idi. Guya, azad ruhlu bir rejissorun işinin qadağalara məruz qalması idi. Bütün bunlar hamısı o filmin xaricdəki taleyinə dəstək məqsədi güdən piar kompaniyası idi”.

Film haqqında da fikirlərini bölüşən ssenarist vurğulayıb:

“Filmin özü 10 dəqiqədir və mən baxdım. 10 dəqiqəmi itirilmiş hesab edirəm. Çünki filmdə heç nə yoxdur. Əslində, filmdə Məhsətiyə yönəlik də heç nə yoxdur. Aktrisa özü üçün sərbəst həyat yaşayır, içir, barda əylənir. Orada bir adam tapır və onunla münasibətdə olur. Cinsi azlıqlar məsələsinə gəldikdə, deyim ki, festival filmlərində belə şeylər anlaşılandır. Bir halda ki, filmin rejissoru da feministdirsə, onda lap anlaşılandır. Amma bütün hallarda açıq nümayişdə, hətta o qeyri-estetik çəkilən intim kadrların — rəqsdən tutmuş cinsi akta qədər — çox qeyri-estetik, zövqsüz, bayağı formadadır. O filmi heç kim tanımayacaqdı. Hətta o kadrlarına rəğmən. Amma indi Azərbaycanda sanki qara piar apardılar ki, “bu filmdən yoxdur”. Bir qism deyir ki, “Məhsəti bizim namusumuzdur”. Bir qism də deyir ki, “elə Məhsəti əxlaqsız imiş”. Fərqi yoxdur, nəticə etibarilə hansı tərəfdən baxsan, bu filmin senzurası Əbülfəz Qarayevin qızına çox gözəl bir xidmətdən başqa bir şey deyildi”.

Dəniz Pənahova