“Fənərbaxça” portuqaliyalı ulduz Rafael Leao üçün rəsmi addımlar atmağa başlayıb.
Tribuna.az yerli mətbuata istinadla xəbər verir ki, “Fənərbaxça”nın futbol üzrə idarə heyətinin üzvü Cihan Kamer Rafael Leaonun transferi ilə bağlı danışıqları davam etdirmək üçün İtaliyaya səfər edib.
“Sky Italia”nın verdiyi məlumata görə, bu gün Rafael Leaonun transferi ilə bağlı əhəmiyyətli irəliləyişlər gözlənilir. “Fənərbaxça” “Milan”la danışıqlar zamanı maliyyə tələblərinin azaldılmasını tələb edəcək.
Cihan Kamer və “Milan” rəhbərləri arasında bu gün keçiriləcək görüşlərdən sonra Rafael Leao ilə danışıqlara başlanacaq.
Məlumata görə, “Fənərbaxça” portuqaliyalı ulduzla ildə 12 milyon avro müqabilində ilkin razılığa gəlib. Əgər “Milan”la razılıq əldə olunarsa, Rafael Leao ilə yekun danışıqlar aparılacaq və portuqaliyalı ulduz transfer olunacaq.
Bu arada, italiyalı jurnalist Canluka Di Marzionun sözlərinə görə, “Fənərbaxça”dan başqa, “Qalatasaray” da Rafael Leao ilə yaxından maraqlanır. Bildirilib ki, “Qalatasaray” Rafael Leao üçün səylərini davam etdirir və portuqaliyalı ulduza Mauro İkardinin boşaltdığı 10 milyon avro maaşı təklif edəcək.
Lakin “Qalatasaray”ın “Milan”a icarə təklifi etdiyi, İtaliya komandasının bu formulla maraqlanmadığı bildirilib.
Digər bir italyan jurnalist Matteo Moretto isə “Milan”ın Rafael Leao üçün 60 milyon avro istədiyini və bu rəqəmdən aşağı düşməyin çətin olacağını vurğulayıb.
İddia edilib ki, “Fənərbaxça” ilə “Milan” arasında aparılacaq danışıqlarda 40 milyon avro təklif edəcək.









