İranın “Evin” həbsxanasında saxlanılan siyasi məhbuslar aksiya keçirib.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, bir neçə siyasi məhbusun “Evin” həbsxanasından köçürülməsi digərlərinin etirazına səbəb olub. Onlar “Diktatora ölüm”, “Sürgün, adam oğurluğu artıq işləmir” kimi şüarlar səsləndirərək həbsxanada aksiya keçirib.
İran İnsan Haqları Təşkilatı məlumatlı mənbəyə istinadən bildirir ki, aksiya siyasi məhbusları gəzintiyə çıxararkən baş verib. Məhbuslar əvvəlcə “Bənövşəyi qan” mahnısını oxuyublar. Ardınca isə İrandakı mövcud hakimiyyətin əleyhinə şüarlar səsləndiriblər.
Bildirilir ki, aksiyaya qeyri-siyasi məhbuslar da dəstək verib.
Məlumata görə, aksiya siyasi məhbuslar Məhəmməd Təqvi, Rza Xəndan, Rza Novruzi və Mahan Cəlaldoostun Evin həbsxanasından köçürülməsindən bir gün sonraya təsadüf edib.
Onların hansı səbəbdən və haraya aparıldığı bəlli deyil. İranlı fəallar adıçəkilən siyasi məhbusların taleyindən narahatdır.
Bu arada Ərdəbildə hakimiyyət gözlənilməz olayla üzləşib. Məlumata görə, hökumət Ərdəbildə məktəb şagirdlərini dəstək aksiyasına çıxarıb. Lakin şagirdlər gözləntilərin əksinə olaraq hakimiyyəti mədh etməkdənsə, onun əleyhinə şüarlar səsləndirib. Bundan sonra hökumət qüvvələri onlara hücum edib. Hakimiyyət əleyhinə şüar səsləndirən fəal şagirdlər qəddarlıqla döyülüb. Onlardan biri – 16 yaşlı Aytək adlı qız aldığı zərbələrdən dünyasını dəyişib. 10 nəfər isə ağır bədən xəsarəti alıb.
Həmçinin məlum olub ki, İranın bölgələrində internet tamamilə kəsilib. Hökumət informasiya sızmasının, xüsusilə aksiyalarda nümayiş etdirilən qəddarlıqla bağlı videogörüntülərin sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün bu addımı atıb. İranlı fəallar müxtəlif üsullardan istifadə edərək informasiya blokadasını yarmağa çalışır.
Xatıarladaq ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən saxlanılıb. Onun saxlanılması məcburi hicab qanunu pozması ilə əlaqələndirilib. Sentyabrın 16-da isə Əmini dünyasını dəyişib. İranlı fəallar Məhsa Əmininin döyülərək öldürüldüyünü iddia edir. Hakimiyyət iddianı əsassız hesab etsə də, olay İranda kütləvi etirazlara səbəb olub. Aksiyalar hələ də davam edir. Xüsusilə, İranın Kürdüstan əyalətində vəziyyət gərgindir. Bunun bir səbəbi də Məhsa Əmininin kürd əsilli olması ilə bağlıdır.









