Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadına həsr olunan film göstərilib

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadına həsr olunan film göstərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Arzu Urşanın “Arzunun ardınca” adlı sənədli filminin nümayişi keçirilib.

Tribuna.az xəbər berir ki, film 2023-cü ildə Everest zirvəsini fəth edən ilk azərbaycanlı alpinist qadın Elmira Aslanovaya həsr olunub.

Tamaşaçıları salamlayan Arzu Urşan bildirib:
“Cəmi iki il dağlara gedən və 40 yaşında dünyanın ən yüksək zirvəsinə qalxmağı bacaran həvəskar bir qadını təsəvvür edin. Bu, inandığın və arzuladığın halda qorxmamağın nümunəsidir. Şübhələri kənara qoyub irəliləsən, hər şey mümkündür”.

Elmira Aslanova da təəssüratlarını bölüşərək qeyd edib ki, film motivasiya xarakteri daşıyır:
“Bu ekran işi göstərir ki, hər bir insan ən böyük arzusunu gerçəkləşdirə bilər, hətta o arzu mümkünsüz kimi görünsə belə. Mən həmişə deyirəm: qardaşımın dəstəyi olmasaydı, bu zirvəyə çata bilməzdim. Bizim mədəniyyətdə bacı-qardaş münasibətləri xüsusi gücə malikdir və məhz bu güc qadını ən yüksək zirvəyə qaldıra bilir”.

Film Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilib və ötən ilin 8 avqustunda Bakıda ilk dəfə təqdim olunub. “Arzunun ardınca” sənədli filmi Milanda keçirilən beynəlxalq idman kino festivalı FICTS-də “Documentary – Individual Sport” nominasiyası üzrə qalib olub.

“Arzunun ardınca” yalnız bir alpinistin uğur hekayəsi deyil, həm də Azərbaycan qadınlarının ekstremal idman növlərində qazandığı nailiyyətlərin parlaq nümunəsidir. Eyni zamanda film insan iradəsinin və məqsədyönlülüyünün gücünü nümayiş etdirir.