Tural Məmmədov vəzifəsindən ayrıldı

Tural Məmmədov vəzifəsindən ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov vəzifəsindən ayrılıb.
Tribuna.az bildirir ki, bu barədə o özü bildirib.
“Hər bir mərhələnin öz hekayəsi, hər bir yolun isə yeni başlanğıcı var. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindəki fəaliyyətimi başa vuraraq peşəkar həyatımın yeni mərhələsinə qədəm qoyuram. Bu illər ərzində ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemlərinin və kritik informasiya infrastrukturunun mühafizəsi, milli kibertəhlükəsizlik imkanlarının inkişafı istiqamətində çalışmaq mənim üçün böyük məsuliyyət və şərəf olub. Bu yolda əldə etdiyimiz uğurların təməlində güclü komanda işi, qarşılıqlı etimad, peşəkarlıq və dövlətimizə xidmət etmək amalı dayanıb.
Mənə göstərilən etimada, yaradılan imkanlara və birgə fəaliyyətimizə görə başda Xidmət rəisi cənab general-leytenant İlqar Musayev olmaqla, Xidmətin bütün rəhbər heyətinə səmimi təşəkkürümü bildirirəm. Xüsusi təşəkkürüm isə illər ərzində çiyin-çiyinə çalışdığım komandamadır. Birlikdə qarşılaşdığımız çətinliklər, kiberhücumlara qarşı fasiləsiz apardığımız mübarizə, hazırladığımız mürəkkəb təhlükəsizlik həlləri, həyata keçirdiyimiz layihələr və əldə etdiyimiz nəticələr hər zaman mənim üçün xüsusi dəyər daşıyacaq.
Xidmətdəki fəaliyyətim mənə, eyni zamanda, müxtəlif dövlət qurumları ilə yaxından əməkdaşlıq etmək, dəyərli peşəkar münasibətlər və dostluqlar qurmaq imkanı qazandırıb. Bu illər ərzində birgə çalışdığım bütün həmkarlarıma təşəkkür edirəm. İnanıram ki, formalaşdırdığımız qarşılıqlı etimada əsaslanan münasibətlər və dostluqlar bundan sonra da davam edəcək.
Vəzifələr və iş yerləri dəyişə bilər, lakin dövlətə xidmət etmək amalım və ölkəmizin kibertəhlükəsizliyinin inkişafına töhfə vermək əzmim dəyişməz olaraq qalır.
Peşəkar fəaliyyətimin növbəti mərhələsində də bilik və təcrübəmi ölkəmizin inkişafına, rəqəmsal təhlükəsizliyin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəltməyə davam edəcəyəm. Birlikdə keçdiyimiz yola, göstərilən etimada və qarşılıqlı dəstəyə görə hər birinizə təşəkkür edirəm!”, – o, sosial şəbəkə səhifəsində qeyd edib. /İqtisadiyyat.az/