Ermənistan mediası yazır ki, saxlanılan azərbaycanlı əsgərlərdən biri baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın 44 günlük müharibədən sonra ziyarət etdiyi evə daxil olubmuş. “Cəmi bir neçə ay əvvəl Anna Akopyan Benunis kəndini ziyarət edərək, müharibədə ölən Qor Qasparyanın evinə gəlmiş, ailə ilə görüşmüşdü. Əldə etdiyimiz məlumata görə, Benunis kəndinə gələn azərbaycanlı əsgərin daxil olduğu ev də məhz Akopyanın ziyarət etdiyi evdir”.
Lakin erməni KİV-də müxtəlif şayiə, uydurma və dezinformasiyalar çoxdur. Hətta erməni ekspertləri, eləcə də keçmiş deputat Naira Zöhrabyan hökumətə çağırış edib ki, digər azərbaycanlı hərbçi də tapılsın və onlar Bakıda saxlanılan bütün erməni “əsir”lərlə dəyişdirilsin.

Bu mövzuda Tribuna.az-a danışan prezidentliyə keçmiş namizəd, siyasi ekspert Fuad Əliyev bildirib ki, Zöhrabyan qələt edir. Onun sözlərinə görə, Azərbaycanda erməni hərbi əsirlər yoxdur:
“Bizdə olanlar diversant-terrorçu erməni hərbçilərdir. Onlar müharibə getdiyi vaxt deyil, müharibədən sonra ərazilərimizə daxil olaraq təxribat-pozuculuq hərəkətlərinə cəhd edərkən zərərsizləşdiriliblər. Onları hərbi əsir adlandırmaq yanlışdır.
Amma azərbaycanlı hərbçilərin itkin düşməsi, yolu azaraq Ermənistan ərazisinə keçməsinə gəlincə, qarşı tərəf indidən buna diversiya donu geyindirməyə çalışır. Məqsəd bəllidir, xüsusən də son günlər Ermənistan bizi ittiham edir ki, guya onların suveren ərazilərinə daxil olmuşuq. İndi də bu hadisədən sui-istifadə etməyə çaışacaqlar. Sadəcə, bu məsələdə düşünürəm ki, tərəflər danışıqlar aparmalı, hərbçilərimiz geri qaytarılmalıdırlar. Necə ki ikitərəfli sülh danışıqları gedir, eləcə də bu məsələdə razılaşma ola bilər. Azərbaycanda olan erməni diversantların buraxılması şərtini irəli sürəcəklərini istisna etmirəm, amma bu, dövlətin işidir, humanizm göstərilə də bilər”.









