Fevralın 23-də Dəməşqdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Suriya Ərəb Respublikasının xarici işlər naziri Feysəl əl-Mikdad ilə görüşüb.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Ararat Mirzoyan fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar həmkarına və dost Suriya xalqına başsağlığı verib, Ermənistanın və erməni xalqının dəstəyini ifadə edib.
Bu kontekstdə Ermənistan hökumətinin göndərdiyi xilasetmə qruplarının Suriyada birincilər arasında olduğunu qeyd edən Ermənistan xarici işlər naziri əlavə edib ki, artıq Ermənistandan təbii fəlakətdən zərər çəkmiş rayonlara üç partiya humanitar yardım göndərilib.
Xarici işlər nazirləri həmçinin ikitərəfli və çoxtərəfli formatda Ermənistan-Suriya əməkdaşlığına dair məsələləri də müzakirə ediblər.
Tərəflər qeyd ediblər ki, iki ölkə arasında münasibətlər erməni və Suriya xalqları arasında çoxəsrlik dostluğa əsaslanır. Bu baxımdan Suriya erməni icmasının iki ölkə arasında unikal körpü rolunu oynadığı vurğulanıb.
Görüşün gündəliyində regional təhlükəsizlik məsələləri də yer alıb. Ararat Mirzoyan Azərbaycanın Laçın dəhlizi və Dağlıq Qarabağda yaranmış humanitar böhranın təfərrüatlarını Faysal əl-Mikdada təqdim edib.









