Bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda STM Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Ermənistanın təzminatı torpaq formasında ödəməsini təklif edib. Bəs görəsən, sözügedən təklif nə qədər realdır?
Məsələ ilə bağlı TİA. Az-a danışan Beynəlxalq hüquq üzrə ekspert Turqay Hüseynov bildirib ki, sözügedən təklif beynəlxalq təcrübədə istisna edilmir:
“Beynəlxalq hüquqda dövlətlərin beynəlxalq hüquq normalarına zidd olan hərəkətlərinə görə məsuliyyət məsələsi nəzərdə tutulur. Bununla bağlı xüsusi olaraq sənəd qəbul olunub. Beynəlxalq təcrübədə kompensasiyadan söhbət gedirsə, bununla bağlı bir sıra komissiyalar var. Məsələn, biz burada BMT tərəfindən yaradılmış İraqın Küveytə qarşı təcavüzü nəticəsində Küveytə dəymiş ziyanın ödənilməsi üçün müəyyən addımlar atmasını qeyd edə bilərik. Ümumiyyətlə, kompensasiyanın pul vəsaitləri ilə ödənilməsində gəldikdə isə tutaq ki, İraq tərəfindən satışa çıxarılan neftin bir hissəsinin həmin fonda keçirilməsi, beləliklə də vurulmuş ziyanın ödənilməsidir. Kompensasiya olaraq torpaq vermək olarmı? sualına gəldikdə isə deyə bilərik ki, bu hal da istisna olunmur. Çünki Ermənistan vurduğu ziyana görə məsuliyyətə cəlb olunması məsələsi gündəmə gələcəkdir. Bununla bağlı səlahiyyətli beynəlxalq təsisatlar cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq addımlar atacaq. Artıq ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edildikdə təbii ki, burda Ermənistanın öz mövqeyi müzakirə olunacaq. Biz bilirik ki, Ermənistanın maddi durumu elə də qənaətbəxş deyil. O zaman torpaq verilməsi istisna edilmir”.
TİA. Az









