Ermənistana əsir düşən əsgərimizə qarşı edilən vəhşilik iki ölkə arasındakı real fərqi gözlər önünə sərmiş oldu. Ermənistan tərəfi bununla həm də ikinci Dilqəm-Şahbaz ssenarisini yaratmağa çalışır. Diqqət etsək, Dilqəm Əsgərov və Şahbaz Quliyevdə olduğu kimi süni əsaslar gətirilir, həqiqəti əks etdirməyən faktlar irəli sürülür ki, bu şəxslər də Ermənistan qanunlarına görə mühakimə edilsin və uzun müddət orada həbsdə saxlanılsın.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev əsir düşən əsgərimizə qarşı ermənilərin etdiyi vəhşiliyin səbəbləri və nəticələri barədə danışarkən deyib. O bildirib ki, bu həm də Ermənistanın mövcud sülh proseslərinə vurduğu ciddi zərbədir:
“İki ölkə xalqları arasında bu kimi insidentlərin baş verməsi sülhün əldə edilməsi istiqamətində atılan destruktiv addımdır. Sülh məsələsində xalqların da qarşılıqlı əlaqəsi önəmlidir. Ancaq əsgərimizə qarşı edilən vəhşilik Azərbacan insanında erməniyə qarşı bir kin, aqressiya formalaşdırır, iki ölkə xalqları arasında sülhə olan inamı azaldır. Bütün bunlar Ermənistan-Azərbaycan arasındakı mövcud danışıqlar prosesinə zərbə vurmağa hesablanıb. Ermənistan tərəfi bunun ağrılarını və fəsadlarını yaxın günlərdə görəcək. Bu məsələdə Ermənistan tərəfi məsuliyyət daşıyır. Əsgərimizə qarşı edilən zorakılığa görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. İnsan haqları təşkilatları bu məsələdə Ermənistana təzyiq etməlidir”.










