Avropa Şurası Parlament Assambleyası Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməlidir.
Tribuna.az “Gazetaru”ya istinadən xəbər verir ki, bunu Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan deyib.
O, qeyd edib ki, belə bir missiya Azərbaycanın dəhlizin bağlanmaması ilə bağlı arqumentlərini təkzib edə bilər.
“Tutaq ki, məkrli ermənilər amerikalıları, rusları, fransızları, iranlıları, ingilisləri, ATƏT-i, Avropa Şurasını, AİHM-i inandıra bildilər ki, əslində mövcud olmayan blokada var. Yaxşı, belədirsə, qoy Azərbaycan Laçın dəhlizinə AŞPA-nın faktaraşdırıcı qrupunun göndərilməsinə razı olsun”, – Rubinyan bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın Dağlıq Qarabağda Laçın dəhlizinin bağlanması ilə bağlı bəyanatlarını “yalan və absurd” adlandırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan hakimiyyəti Laçın dəhlizini bağlamaqla bütün etnik erməniləri Dağlıq Qarabağı tərk etməyə məcbur etməyə çalışır.
Bundan əvvəl məlum olub ki, Aİ xarici işlər nazirləri Ermənistana mülki monitorinq missiyasının (EUMA) göndərilməsi ilə bağlı razılığa gəliblər. EUMA Ermənistanın sərhəd bölgəsində patrul fəaliyyətini davam etdirəcək.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Avropa İttifaqının (Aİ) nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması mövcud ziddiyyətləri daha da gücləndirməklə yanaşı, regiona geosiyasi qarşıdurma gətirəcək.
Tribuna.az









