Dövlətin milli maraqları hər şeydən, hər kəsdən öndə olmalıdır. Bəzi insanlar bunu ya dərk etmir, ya da dərk etmək istəmir. İnsanlar arasında dünyagörüşü, dini, siyasi baxış fərqləri var və bunun olması da normaldır, təbidir. Hər halda hər kəsdən eyni cür düşünməsini tələb etmək olmaz. Bu, təbiətin qanunlarına da, insan xislətinə də ziddir. Lakin dövlət üçün vacib proseslərin getdiyi bir dövrdə ikilik çıxartmaq fitnə-fəsad yaymaq da doğru deyil. Bu, birbaşa nadanlıq, xəyanətdir!
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Razyev açıqlamasında deyib. O bildirib ki, 13 gündür Xankəndi-Laçın yolunda Azərbaycanın vətənpərvər oğul və qızları havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir:
“Aksiyalar zamanı dövlət himni oxuyan “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirən insanlar əslində bir daha hansı məqsəd və amal üçün bir araya gəldiklərini sübut etdi.
Etiraf etmək lazımdır ki, aksiyaları yazmaq, təsvir etmək çox asandır. Lakin qarlı, yağışlı havada şaxtanın, soyuğun artdığı bir zamanda sarsılmaz iradə göstərmək heç də bəsit deyil.
Aksiya iştirakçılarının 13 gündür sərgilədiyi əzim, inadkarlıq, qərarlılıq qürurverici, sevindirici olsa da bəzi sapı özümüzdən olan baltaların etdiyi riyakarlığı, xəyanəti görüb, eşitmək də bir o qədər insanı üzür. Bu sapı özümüzdən olan baltalar yenə xislətlərinə uyğun olaraq boş durmur, Avropadan aldıqları qrantların haqqını son qəpiyinə qədər vermək, yeni qrantlara layiq olduqlarını sübut etmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar.
Söz yox ki, belə bir məqamda Bakı mərkəzində qarışıqlıq yaratmaq cəhdinin sifarişçiləri və maliyyəçiləri də məhz ermənilər və onlarla birgə işləyən xarici dairələrdir.
Hər iki təşəbbüsün məhz Ermənistanın şikayəti əsasında BMT Təhlükəsizlik Şurasının (TŞ) Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etdiyi bir zamanda təşkil edilməsi də bunu təsdiq edir”.
Ekspert bildirib ki, Azərbaycanın xarici düşmənlərinin öz mövqeyini bildirdiyi bir zamanda içimizdəki xəyanət çetesi də əsl simasını göstərir:
“Mürəkkəb hava şəraitində Laçın yolunda əziyyətə qatlaşaraq milli mənafelərimizi müdafiə edən QHT fəalları ilə müqayisədə guya insan hüquqlarını müdafiə edən bu xəyanətkarlar cılız və miskin görünürlər.
Dövlətin qəsdinə duranlara nə deyəsən. Nə söyləyəsən…
Azərbaycan ictimaiyyəti satqınları da, xəyanətkarları da yaxşı görür, bilir və tanıyır. Erməni maraqlarına xidmət edən ünsürlərə layiq olduqları yer mütləq göstəriləcək”.
Nigar
Tribuna.az










