“Azərbaycanın “Artsax”a hücumu, Laçın dəhlizinin bağlanması erməni soyqırımının davamıdır”.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, ABŞ Konqresində “erməni soyqırımının” ildönümünə həsr olunmuş tədbir zamanı belə bir bəyanatla Konqresin erməni məsələləri üzrə qrupunun həmsədri Frenk Pallon çıxış edib.
“Dağlıq Qarabağda baş verənlər, iki il əvvəlki hücum, təcavüz, Laçın dəhlizinin bağlanması, məncə, soyqırımın davamından başqa bir şey deyil. Biz bilirik ki, Dağlıq Qarabağda insanlar yetərincə qida və dərman çatışmazlığından məhrumdurlar. Soyqırım kimi səslənir, amma biz buna imkan verməyəcəyik. Bu, istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, eyni fenomendir”, – konqresmen vurğulayıb.
Frank Pallone həmçinin bildirib ki, Azərbaycanın bu təcavüzü təkcə Dağlıq Qarabağa qarşı deyil. Azərbaycan ordusu Ermənistanı işğal etməkdə davam edir, yeni ərazilər tutmağa çalışır.
Konqresmenin sözlərinə görə, erməni məsələləri üzrə qrupun üzvləri ABŞ Dövlət Departamentinə Laçın dəhlizinin qarşısının alınmasının qəbuledilməzliyini dəfələrlə xatırladıblar. O, ABŞ-ın və Minsk Qrupunun digər həmsədrlərinin göstərdiyi təzyiqin son nəticədə dəhlizin açılmasını asanlaşdıracağına və danışıqlar nəticəsində Dağlıq Qarabağın sonda Ermənistan ərazisi kimi tanınacağına ümid etdiyini bildirib.
Frank Pallone Konqresin “erməni soyqırımı”nı tanıdığını, lakin buna nail olmağın asan olmadığını da xatırladıb. O, qanun layihəsinin təşəbbüskarı olan konqresmen Adam Şiffə təşəkkür edib. Pallone həmçinin ABŞ prezidenti Co Baydenin “Erməni Soyqırımı”nı tanımasını yüksək qiymətləndirib.









