Bu gün — Elm Günü münasibətilə düşüncələrimi bölüşmək mənim üçün həm məsuliyyət, həm də mənəvi borcdur.
Elm bəşəriyyətin ən böyük nailiyyətlərindən biridir. Tarixin müxtəlif dövrlərində insan zəkasının yaratdığı kəşflər həyatımızı kökündən dəyişmiş, cəmiyyətləri inkişaf etdirmiş, düşüncə sərhədlərini genişləndirmişdir. Bu gün istifadə etdiyimiz texnologiyalar, tibbi nailiyyətlər, sosial inkişaf modelləri — hamısı elmin bəhrəsidir.
Müasir cəmiyyətdə elm insan fəaliyyətinin bütün sahələrinə toxunur, ictimai həyata təsiri sürətlə artır. Elm sosial mədəniyyətin bir hissəsidir, elm mədəni fenomendir, öz istiqaməti var, mənəvi istehsal sahəsində son dərəcə mühüm yer tutur. Elmin inkişaf səviyyəsi cəmiyyətin inkişaf səviyyəsini çox müəyyənləşdirir. Buna görə elmin və texnikanın inkişaf strategiyasına aid suallara ictimai mübahisədən kənarda baxmaq olmaz.
Elm insana təhsil vasitəsilə təsir edir. Elmin təhsilə istiqamətli təsiri onun bütün komponentlərinin əhatə etməklə strukturunu dəyişə bilir. Məlumdur ki, təhsilin inkişafı və onun keyfiyyətcə təkmilləşdirilməsi birbaşa olaraq, ölkənin sosial-iqtisadi inkişafına öz təsirini göstərir. Belə ki, yalnız keyfiyyətli təhsil səviyyəsi hər hansı bir ölkənin davamlı inkişafına əlverişli zəmin yaradır. Təhsilin səviyyəsinə görə ölkələrarası fərqlərin aradan qaldırılması, eyni zamanda, sosial-iqtisadi inkişafda mövcud olan ərazi pozuntuların “yumşalmasına” gətirib çıxaracaq. Müasir dünya ölkələri təhsili strateji üstün sahə elan edir və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir.
Son illərdə aparılan məqsədyönlü islahatlar, tədqiqatlara ayrılan diqqət və gənc alimlərin fəallaşması bu uğurun əsasını təşkil edir. Azərbaycan alimlərinin beynəlxalq jurnallarda nəşrlərinin artması və qlobal elmi layihələrdə iştirakı ölkəmizin nüfuzunu daha da yüksəldir. Bu irəliləyiş həm də universitetlərdə tədrisin keyfiyyətinin artması və elmlə təhsilin inteqrasiyasının güclənməsi ilə bağlıdır. Bu nailiyyətlər qürurverici olmaqla yanaşı, gələcək uğurlar üçün də böyük motivasiya yaradır.
Müəllim olaraq fəaliyyətim boyunca tələbələrimə təkcə bilik ötürməyi deyil, düşünməyi öyrətməyə çalışmışam. Çünki elm öyrədilən deyil, mənimsənilən bir dəyərdir. Gənclərin gözündə maraq və araşdırma həvəsi gördükcə, elmin gələcəyinə olan ümidim daha da artır.Elm ictimaiyyətinin bir üzvü kimi hesab edirəm ki, bizim əsas vəzifəmiz yalnız elmi nəticələr əldə etmək deyil, eyni zamanda bu nəticələri cəmiyyətə düzgün və anlaşılan şəkildə çatdırmaqdır. Elmin cəmiyyətlə əlaqəsi nə qədər güclü olarsa, onun təsiri də bir o qədər dərin olar.Bir sözlə, elm cəmiyyətin bir hissəsi olmalıdır. Bu səbəbdən elm cəmiyətə açıq olmalıdır. Bu gün dünyamız müxtəlif qlobal problemlərlə üz-üzədir: iqlim dəyişiklikləri, pandemiyalar, enerji böhranı və s. Bu problemlərin həlli isə yalnız elmi yanaşma, beynəlxalq əməkdaşlıq və davamlı tədqiqatlar sayəsində mümkündür. Elm sərhəd tanımır — o, bütün insanlığın ortaq sərvətidir.
Elm Günü bizə bir daha xatırladır ki, elmi dəyərləndirmək, onu dəstəkləmək və gələcək nəsillərə ötürmək hər birimizin məsuliyyətidir. Xüsusilə də müəllimlər və alimlər olaraq biz bu missiyanın önündə gedirik.Sonda demək istəyirəm ki, elmə həsr olunan həyat əslində insanlığa həsr olunan həyatdır. Elm yolu bəzən çətin, bəzən uzun olsa da, onun gətirdiyi işıq hər zaman dəyərlidir.
Elm günü münasibətilə bütün həmkarlarımı, tədqiqatçıları və elmə könül verən hər kəsi təbrik edir, yeni uğurlar və ilham dolu kəşflər arzulayıram.
Elm yaşadıqca, insanlıq inkişaf edəcək.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, b.ü.f.d ŞƏBNƏM ƏSƏDOVA










