Turistlərin 80%-i Bakıdakı hotelləri seçir

Turistlərin 80%-i Bakıdakı hotelləri seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olub. 

Tribuna.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 3,5 faizi Qubada, 3,5 faizi Qəbələdə, 2,8 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,5 faizi Şamaxıda, 1,2 faizi Xaçmazda, 1,2 faizi Şabranda, 1,0 faizi Ağdamda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, 0,8 faizi Şuşada və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

2026-cı ilin yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə  müqayisədə 1,8 faiz artaraq 493,6 min olub ki, bu da ümumi gecələmələrin 58,9 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 12,8 faizi Rusiya Federasiyası, 12,6 faizi Türkiyə, 9,5 faizi Hindistan, 6,2 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İsrail, 4,4 faizi Pakistan, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi Çin, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,6 faizi Küveyt, 2,4 faizi ABŞ, 2,3 faizi Böyük Britaniya, 1,6 faizi Almaniya, 1,3 faizi İran, 1,0 faizi İtaliya, 0,9 faizi Gürcüstan, 0,7 faizi Ukrayna, 23,7 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9 faizi Bakıda, 9,7 faizi Qusarda, 5,2 faizi Naftalanda, 2,0 faizi Qəbələdə, 1,2 faizi Qubada, 3,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 344,6 min olub ki, bu da ümumi gecələmələrin 41,1 faizini təşkil edir.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olub  ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olub (2025-ci ilin yanvar-mart aylarında 19,3 faiz). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olub.