Energetika Nazirliyinin elan etdiyi tenderin ləğv edilmə səbəbi məlum oldu

Energetika Nazirliyinin elan etdiyi tenderin ləğv edilmə səbəbi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2026-cı il üzrə press-relizlərin yayılması xidmətinin satın alınması ilə bağlı elan edilmiş tenderin ləğv edilmə səbəbi məlum olub.

Tribuna.az-ın sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirib ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təchizatçıların uyğunluq göstəriciləri təchizatçılara dair ümumi və xüsusi tələblərdən ibarətdir. Bu tələblər şərtlər toplusunda ətraflı izah olunur və bütün təchizatçılara eyni dərəcədə şamil edilir:

“Qanuna əsasən, təchizatçılara dair xüsusi tələblərdən biri onun müvafiq tələblərə cavab verən işçi qüvvəsinə malik olmasıdır. (Maddə 23.4.4) Bu tələb işlərin və xidmətlərin satınalınması ilə bağlı satınalmanın bütün metodlarına şamil olunur. Bundan əlavə, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması tələbi üzrə təchizatçıların uyğunluq göstəricilərini təsdiq edən sənədlərə təchizatçının özü tərəfindən hazırlanmış arayış, məlumat və təsdiqedici sənədlər daxildir.
Qanunvericiliyə görə, satınalma komissiyası uyğunluq sənədlərini və təklifləri uyğunluğa dair sənədlər toplusunda və şərtlər toplusunda göstərilmiş meyarlara və prosedurlara əsasən qiymətləndirir. Uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda göstərilməyən meyarlardan və prosedurlardan istifadə edilməsi qadağandır. (Maddə 33.1) Həmçinin satınalma komissiyası müvafiq tələbləri nəzərə almaqla, şərtlər toplusunda göstərilmiş tələblərə cavab verən təklifi formal tələblərə uyğun təklif hesab edir. Satınalma güzəşti nəzərə alınmaqla, kotirovka sorğusu metodu üzrə tələblərə uyğun olan ən aşağı qiymət təklifini təqdim edən təchizatçı qalib təchizatçı sayılır.
Məlumat üçün qeyd edək ki, satınalma komissiyası fəaliyyətində müstəqildir, qərarlarını əsaslandırmaqla və bu Qanunu rəhbər tutmaqla sərbəst qəbul edir. (Maddə 34.1) Təkliflərin qüvvədə olma müddətində təchizatçı və ya subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə satınalma komissiyası təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan əlavə, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadıqda satınalma komissiyası satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir.
Satınalmanın ləğv edilməsi haqqında qərar nəzarət orqanına təqdim olunur. Nəzarət orqanı satınalmanın ləğv edilməsi haqqında qərarı aldıqdan sonra həmin qərarın təsdiq olunub-olunmaması haqqında qərar qəbul edir.
Qanunun 36.3-cü maddəsinə əsasən nəzarət orqanı satınalmanın ləğv edilməsi haqqında qərarı təsdiq edərsə, satınalan təşkilat satınalmanın ləğv edilməsi və onun səbəbləri barədə 1 iş günü ərzində portalda məlumat yerləşdirir.
Məlumat üçün bildiririk ki, sorğuda sözügedən satınalmada 3 təchizatçı iştirak etmiş (şərtlər toplusunu əldə etmiş) və qiymət təklifini təqdim etmişdir. Baxılmış materiallara əsasən müəyyən edilmişdir ki, “müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” ilə bağlı sənədlər satınalmada iştirak edən bütün təchizatçılar tərəfindən natamam təqdim edildiyindən satınalmanın ləğv edilməsi barədə satınalma komissiyasının qərar qəbul etmiş və bu qərar Agentliyin 26.02.2026-cı il tarixli AİBNDA/SQ-1384/2026 nömrəli Qərarı ilə təsdiq edilmişdir”.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 2026-cı il üzrə press-relizlərin yayılması xidmətinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv edilib. Satınalma üzrə ehtimal olunan dəyər 7 620 manat təşkil edib və xidmət 12 ay ərzində press-relizlərin operativ şəkildə mediada yayılmasını əhatə etməli idi. Müsabiqəyə 5-dən çox şirkət qoşulsa da, satınalma prosesi yekunlaşdırılmadan ləğv edilib.

Nigar İxtiyarqızı