Prezident İlham Əliyevin Salyanda verdiyi mesajlar olduqca əhəmiyyətli idi. Bu mesajlarda Xankəndidəki separatçılar əsas hədəf idi. Onlar hazırda dilemma qarşısındadır. Separatçılar ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da Qarabağdan çıxıb gedəcəklər. Hesab edirəm ki, prezidentin onları “təlxəklər toplusu” adlandırması da proseslərin kulminasiya həddində olmasının göstəricisidir.
Bu sözləri Tribuna.az-a politoloq Züriyə Qarayeva ölkə başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi zamanı verdiyi müsajları şərh edərkən deyib. Onun sözlərinə görə, vaxtilə Paşinyan üçün işlənən bu ifadələr göstərir ki, eyni aqibət təkrarlana bilər:
“Bütövlükdə səslənən bəyanatlar göstərdi ki, İlham Əliyevin bundan öncəki çıxışında 2023-cü ilin ermənilər üçün son şans ili olması ilə bağlı tezisi praktikada əksini tapır. İndiki məqamda separatçıların sonunun yaşanması daha real görünür. Çünki nəfəsliklərinin tam daralması prosesi həyata keçirilib. Laçın yolu üzərində nəzarət gücləndirilib. Alternativ yollar bağlanıb. Artıq ətraf aləmlə əlaqə qurmaları mümkünsüzdür. Bu durumda onların silahı yerə qoyub tərk etməkdən, erməni əsilli əhalinin isə re-inteqrasiyadan başqa heç bir yolu qalmır. Bu vəziyyət Bakının Qərb qarşısında qoyduğu tələblər doğrultusunda da önəm daşıyır. Çünki biz dəfələrlə Qərbdəki nümayəndələrə bildirməyə çalışıdıq ki, bizim üçün separatçılar ayrı, erməni əhali isə ayrıdır. Əli silahlı terrorçulara olan yanaşmamızın sivil əhaliyə heç bir aidiyyatı yoxdu”.
Z.Qarayeva bildirib ki, ermənilərin hüquqlarının qorunması tələbi irəli sürənlərə hazırki vəziyyət də, cənab prezidentin çıxışı da əsl nümunədir:
“Bütün bunlar deməyə əsas verir ki, biz artıq cinahda uğurlu addımlar atırıq: diplomatiya, ordu və mülki insanlar.
Hər üç xəttin təmkinli addımları itki vermədən əhəmiyyətli nəticələr əldə etməyə hesablanıb”.









