Soçi bəyanatında prinsipial əhəmiyyətli yenilik yoxdur. Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir.
TİA.AZ xəbər verir ki, bu sözləri siyasi şərhçi Şahin Cəfərli dünən baş tutan prezidentlərin Soçi görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni məqam kimi görünən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı vurğusu (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun təkrarıdır:
“Nikol Paşinyana Putin səviyyəsində (Valdayda), İlham Əliyevə isə böyük Xankəndi mitinqi ilə mesaj verildi. Soçi görüşü də tamamilə həmin məqsədə xidmət edirdi.
İki liderin bu mesajları nə dərəcədə ciddiyə aldığını önümüzdəki həftələrdə görəcəyik. Qərbin mövqeyi də şübhəsiz ki, bu məsələyə öz təsirini göstərəcək”.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, liderlərin Soçi görüşü nəticəsiz qalıb:
“Rusiya prezidenti Vladimir Putin görüşü faydalı adlandırsa da, hər şeyi razılaşdıra bilmədiklərini etiraf edib. Bu bizim xeyrimizədir, çünki Kremlin “razılaşdırmaq” istədiyi məsələlər xeyrimizə deyil”.
Siyasi ekspert Asif Nərimanlı Soçi görüşünü üç istiqamətdə dəyərləndirib:
“Birincisi, Rusiyanın əldə etdiyi nəticədir: Moskva təşəbbüsü yenidən ələ alır;
– Sülh sazişinin imzalanmasına hazırlıq prosesində özünə yer edir;
– Həm iki ölkənin ictimaiyyəti, həm parlamentləri arasında, o cümlədən, humanitar məsələlərdə vasitəçilik etməklə rolunu gücləndirir;
– Vasitəçilik etdiyi 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının icrasını bir daha aktuallaşdırır;
– Və bölgədə Qərbin önünə keçmək addımı atır”.

A.Nərimanlının fikrincə, Azərbaycanın əldə etdiyi nəticə ondan ibarətdir ki, Bakının gündəliyi aktuallığını qoruyur:
“Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması ilə bunun daxili məsələsi olduğunu bir daha qəbul etdirir: bu, xüsusilə Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda daha çox əhəmiyyət qazanır.
Görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısını alır, beləliklə, sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipinin fundamentallığını qoruyur;
Üçtərəfli razılaşmaların icrası məsələsini bir daha aktuallaşdırır: bu, erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyi deməkdir;
Ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması ilə Qərbdə qəbul edilən mövqeyini Rusiya masasında bir daha təsdiq edir”.
Ekspert hesab edir ki, Ermənistan görüşdən qazancsız qayıdıb:
“Paşinyanın prosesləri Bakının əleyhinə çevirmək gedişləri işə yaramadə. Sənəddə Praqa bəyanatında əksini tapan məqamın – “bütün problemli məsələlər BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması diqqət çəkir. Və Ermənistan Alma-Atı bəyannaməsinin üzərində “iki ölkə ərazi bütövlüyünü 1991-ci ildə qarşılıqlı tanıyıb” iddiasını davam etdirmək, “sərhədi SSRİ dağılanda mövcud inzibati xətlərlə müəyyən etmək”, “Qarabağı hüquqi məsələ” kimi saxlamaq məqsədilə dayanır, hərçənd, BMT Nizamnaməsinin – ərazi bütövlüyünün ön planda olması, eləcə də “Alma-Atı bəyannaməsinin formal xarakter daşıması” bunu sual altına salır. Bu məqamın qeyd olunması Paşinyanı “nəticəsiz yola salmamaq” məqsədi də daşıya bilər.
Lakin “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydi ilə Bakı ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin önə çıxarılması, Brüssel formatının alternativ kimi qalması və sülh müqaviləsinə beynəlxalq zəmanətin əldə edilməsi hədəfinə də oynayır”.
“Bəynatın yekun nəticəsi Azərbaycanın maraqlarına uyğundur, xüsusilə ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından” deyə, A.Nərimanlı qeyd edib.
Nigar
TİA.AZ









