Birləşmiş Millətlər Təşkilatı (BMT) bu gün dünya əhalisinin sayının 8 milyard nəfərə çatdığını açıqlayıb. İnkişaf etməkdə olan ölkələrdə əhali artımı davam etsə də, Çin əhalisinin bu il pik həddə çatacağı və daha sonra azalmağa başlayacağı gözlənilir.
TİA.AZ xarici mediaya istinadla xəbər verir ki, UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.
Dünyada əhalinin artım tempi yavaşlasa da, əhalinin 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir.
1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb.
Dünya əhalisinin sayının 7 milyard insandan 8 milyarda yüksəlməsi üçün təxminən 12 il lazım olduğu halda, növbəti milyarda çatmaq üçün təxminən 14,5 il (2037-ci ilə qədər) olacağı gözlənilir.
Proqnozlara görə, Sahraaltı Afrikada əhalinin artımı yüksək məhsuldarlıq səviyyəsinə görə 2050-ci ilə qədər qlobal artımın yarısından çoxunu təşkil edəcək.









