Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarının qiymətində yenidən artım müşahidə olunur. Belə ki, abituriyentlər sınaq imtahanı üçün 40 manat, bakalavrlar isə 50 manat ödəməlidirlər. Bu o deməkdir ki, qəbul imtahanlarının da qiyməti artacaq.
Bu sözləri Tribuna.Az-a təhsil eksperti Kamran Əsədov sınaq imtahanları və qəbul imtahanı biletlərinin qiymətləri barədə danışarkən deyib. Ekspert bildirib ki, iki ildir sınaq biletlərinin və qəbul imtahanı qiymətlərində artım olmurdu:
“Bu səbəbdən, hesab edirəm ki, qarşıda bizi sınaq imtahanı biletlərinin qiymətində və növbəti il baş tutacaq qəbul imtahanının qiymətləri artacaq.
Həmçinin bildirmək istəyirəm ki, abituriyentlər təkcə sınaq imtahanı biletlərinə və qəbul imtahanına pul ödəmirlər. Məsələn, 3-cü ixtisas qrupu üzrə TC alt qurupunda imtahan vermək istəyənlər əlavə 15 manat ödəməlidir. Beləliklə, 3-cü ixtisas qrupunun abituriyenti bir sınaq imtahanında iştirak etmək üçün 55 manat vəsaiti DİM-ə ödəməli olur.
Sınaq imtahanlarının qiyməti 4 il ərzində 20 dəfəyə yaxın bahalaşıb. Belə ki, 2016-cı ilə qədər sınaq imtahanı 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40 manat oldu. Səbəb isə məlum deyil, bununla bağlı heç açıqlama da vermirlər. Nə qədər resurs cəlb etməyindən asılı olmayaraq, sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti 20 manatdan çox ola bilməz”.
K.Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində Dövlət sözü var:
“Başa düşmürlər ki, insanların artıq o imkanı yoxdur. Hər kəs DİM-in xidmət haqlarının baha olduğunu deyir, ona görə də uşaqlarını imtahana göndərmirlər. Belə çıxır ki, kimin imkanı varsa ancaq o oxumalıdır, o sınaq imtahanlarına getməlidir?.
Hazırda abituriyent üçün tələb edilən 55 manat reallığı əks etdirmir. DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və qurum kifayət qədər gəlir əldə edir. Nəzərə alsaq ki, DİM-in avadanlıqları TQDK-dan qalıb, test bank bazası TQDK-nın dövründən mövcuddur, deməli, 55 manatlıq xərc yoxdur. Bundan başqa, qəbul imtahanından fərqli olaraq sınaq imtahanında mühafizə və digər xidmətlərdən istifadə edilmir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının zənginləşdirilməsi, proqram təminatının hazırlanmasınadək və digər istiqamətlərdə geniş hazırlıq işlərinin xərci 55 manat deyil”.
Ekspert əlavə edib ki, hazırkı sınaq imtahanının büdcəsi bütün abituriyentlər üçün əlçatan deyil. Bu da çox sayda şagirdi öz bilik və bacarıqlarını yoxlamaq imkanından məhrum edir.
Nigar










