Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi- nin “Feysbuk” səhifəsinə baxıram. Komitə son 5 gündə aşağıdakı tədbirləri həyata keçirib. Amma bu tədbirlər dövlətimizə, xalqımıza nə verir? Bəribaşdan deyim ki, heç nə!”.
Bu fikirləri Tribuna.az-a açıqlamasında Polşa Azərbaycan evinin təsisçisi, diaspor fəalı Cavid Zeynalov bildirib.
C.Zeynalov daha sonra qeyd edir:
“Ankarada alimlərlə görüş keçirilib. Olsun, əla təşəbbüsdür. Amma görüntü naminə və pul silmək üçün keçirilən bu “protokol” görüşlər bizim nəyimizə lazımdır? Nə vaxta qədər bəzəkli akt zallarında “tədbir xatirinə tədbir”lər keçiriləcək!?
Təsəvvür edin, bu gün dünyanın gözü Xankəndi-Şuşa yolundadır. Ermənilər müxtəlif ölkələrdə əleyhimizə propoqanda quraraq Azərbaycanın haqlı tələblərini başqa şəkildə təqdim edirlər. Bəs bizim Diaspor Komitəsi nə edib?
C.Zeynalov bildirib ki, Komitənin səhifəsində Niderlandda diaspor təşkilatına yeni sədrin seçildiyi ilə bağlı xəbər də paylaşılıb:
“Sanki dövlət əhəmiyyətli bir təyinat gerçəkləşib və bunun ictimailəşdirilməsi də vacibdir. Hörmətli Komitə, bəlkə “Sədr”, “möhür” sevginizi bir tərəfə qoyub real iş görəsiniz? Fəaliyyət qurun, mənsəb xəstəliyini səriştəsiz şəkildə təqdim etməyin!
Hansısa diaspor assosiasiyası Fransa səfirliyi təbrik edib. İndi diqqət edin, Laçın dəhlizindəki haqlı aksiyalarımızla bağlı cəmi iki diaspor təşkilatımız mövqe bildirib. Sual olunur, bu təşkilatlar milli məsələdə də Komitədən hansısa zəng gözləyirlər? Deyək ki, belədir, bəs Komitə niyə bu addımı atmır?
Bəs dünyanın müxtəıif ölkələrində fəaliyyət göstərən yaşıllar partiyalarındakı azərbaycanlılar hardadırlar? Hanı Greenpeace ilə əlaqələr və ya orda könüllü olan gənclər?
Bütün bu mənfi halların bir səbəbi var: Diaspor Komitəsi səriştəsizdir, çünki illərdi bu quruma ayrılan pullarla xarici ölkələrin bahalı otelləri kirələyib özümüzü tərifləyib yalanlar danışmışıq.
Komitə bu 3 il ərzində dünyanın nüfuzlu bircə televiziya şirkəti ilə əlaqə qura bilmədi. Komitə intriqa yuvasına çevrilib”.
C.Zeynalov daha sonra sual edir:
“Bəs erməni diasporası bu 5 gün ərzində nələr edib?
Laçın dəhlizinin azərbaycanlı ekoaktivistlər tərəfindən bağlanmasına Avropa Birliyi, ABŞ, Fransa, Rusiya, İsveçrə, Hollandiya, Litva,Yunanıstan, BMT Baş katibi etiraz bəyanatı verib.
Avropa Məhkəməsi Azərbaycana sorğu göndərib.
Fransanın təşəbbüsü ilə BMT TŞ məsələni müzakirəyə çıxarıb”.
Nigar
TRİBUNAİNFO.AZ









