Milli Məclisin deputatı Sabir Rüstəmxanlının yunan tanrılarının, yunan qadınların adını daşıyan restoranları tənqid edərək “orada toy edən şəxs bilməlidir ki, toyxananın adını daşıyan qadın hansı əxlaqın sahibi olub. Oradan övladını köçürmək doğrudur ya yox?” fikirləri marağa səbəb olub.
Millət vəkili bildirib ki, Bakıda bütün yunan tanrılarının adına toyxana var.
Tribuna.az xəbər verir ki, paytaxtda yunan qadın adlarını daşıyan müxtəlif restoran və şadlıq sarayları var. Onlardan ən məşhuru “Kleopatra” şadlıq sarayıdır. Restoranın adını daşıdığı Kleopatra millət vəkilinin dediyi kimi tarixdə əxlaqsız qadın kimi qalmayıb. Ptolemeylər sülaləsindən olan gözəllik nümunəsi sayılan bu qadın kraliça olub və 7 dil bilib.
Adın mənası isə yunancadan tərcümədə ilahə, ata sevimlisi deməkdir.
Bakının yunan qadın ismini daşıyan digər restoranlarından biri də “Afrodita”dır. Yunan mifologiyasında eşq, gözəllik və əyləncə ilahəsi hesab edilən bu qadın yunan allahları Zevs və Dionanın qızı hesab olunur.
Afroditanın gücünın sirri onun hamıya o cümlədən tanrılara da eşq əhval ruhiyyəsi aşılaması olub. Həm sevgi, həm də intiqam alan bir ilahə olduğu deyilir. Afroditanın simvolları qu quşu, sərçə və göyərçindir.
Bakıda yunan mənşəli ada sahib olan digər restoran “Sofiya”dır. Yunanlarda qadınlara ən çox qoyulan bu adın mənası bilikli, savadlı, kültürlüdür.









