Hər Yeni il ərəfəsində şəhər mərkəzində təşkil olunan “Soyuq əllər, İsti ürək” yarmarkasına bu il də maraq həddən artıqdır.
Tribuna.az xəbər verir ki, gün ərzində yarmarkaya insan axını dayanmır. 10 ildir ki, fəaliyyət göstərən yarmarkada uşaqların Şaxta babayla şəkİl çəkdirə bilməsi üçün şərait da yaradılıb.
Burada hər kəs doğmaları üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar ala, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamlarımızı və şirniyyatlarımızı dada bilər. Yarmarkada addımbaşı bişmiş qarğıdalı, bişmiş sabalıd, popkorn təklif edilir.
Türk mətbəxinin dadlı təamlarından olan əkmək-balıq, toyuqlu pilav da yarmarkanın ən çox yeyilən yeməklərindəndir.
Yarmarkadakı qiymətlər isə olduqca yüksəkdir. Yarmarkadan kənarda 50 qəpiyə olan popkorn orada 2 manatadır. Kiçik ölçüdə qarğıdalı dənəsi 5 manat, bişmiş şabalıdın ən az ölçüsü isə 4 manata idi. Yarmarkanın giriş qapısından çıxış qapısına qədər gedən yol bir uşaqlı ailəyə minimum 10-20 manata başa gəlir.
Yarmarkada havayı olan yeganə xidmət yolka və Şaxta baba ilə şəkil çəkdirməkdir.
Nigar
Tribuna.az












