“Bütün bu atılan addımlar anti-terror əməliyyatının elementləridir. Bu o deməkdir ki, anti-terror əməliyyatı həyata keçirilib. Bu əməliyyatlar daha da genişlənib müharibə həddinə çatmadan nəzarət-keçid məntəqəsi qurulmalıdır. Olduqca həssas bir dönəmdən keçirik. İstənilən an böyük hərbi toqquşmalar ola bilər”.
Bu sözləri Tribuna.az-a Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. O qeyd edib ki, bu gün Azərbaycanın əlində başqa əlac yoxdur:
“Azərbaycan mövcud bütün prblemlərin həllini dinc yolla həll etmək üçün əlindən gələn hər şeyi etdi. Ancaq kənar təzyiqlər var, bilirsiniz ki, son zamanlar Azərbaycana qarşı bir təzyiq mexanizmi işə salınmışdı. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət etməyənlər Ermənistana xüsusi köməklik göstərməyə can atırlar, Qarabağdakı separatçı qurumun hansısa bir status qazanması üçün cəhdlər edirlər.
Azərbaycanın başqa əlacı qalmayıb. Azərbaycan öz suveren hüquqlarından istifadə etməlidir.
Laçın yolu ilə Ermənistandan Qarabağa açıq şəkildə silah-sursat daşınırdı. Rusiya faktiki bu işin içində idi və hər cəhdlə onlara köməklik edir, silah daşınmasına şərait yaradırdı. Rusiyalı sülhməramlıları ermənilərlə bir yerdə Xankəndi və ətraf ərazilərə silah daşımaqla məşğul oldu. Qarabağdakı separatçılar faktiki möhkəmlənirdilər. Bunun qarşısını əlbəttə alınmalı idi. Biz hər zaman bildirmişik ki, anti-terror əməliyyatları keçirilməlidir. Bütün bu atılan addımlar anti-terror əməliyyatının elementləridir. Bu o deməkdir ki, anti-terror əməliyyatı həyata keçirilib.
Bu əməliyyatlar daha da genişlənib müharibə həddinə gəlmədən nəzarət-keçid məntəqəsi qurulmalıdır. Hesab edirəm ki, olduqca həssas bir dönəmdən keçirik. Istənilən an böyük hərbi toqquşmalar ola bilər. Bir xalq olaraq, cəmiyyətin bütün kəsimi, iqtidar, müxalifət fərq etmədən hamımız Milli Ordumuzu dəstəkləməliyik, arxasında durmalıyıq”.
E.Musayev bildirib ki, nəzarətə götürülən ərazilərdə nəzarət-keçid məntəqəsi qurulmalıdır:
“Mənim belə bir təklifim var ki, nəzarək-keçid məntəqəsi ilə bağlı Azərbaycan Milli Məclisi qərar qəbul etməlidir, müvafiq icra hakimiyyəti də nəzarət-keçid məntəqəsini qoymalıdır. Beynəlxalq müstəvidə bu sual ediləcəyi halda da bildirilməlidir ki, ölkə parlamenti belə qərar qəbul edib. Bu işin müxtəlif variantları var və onlardan biri də budur”.









