Birjalarda buğda 6 faizdən çox bahalaşıb. Dünya bazarında bahalaşmanın davam edəcəyi təqdirdə Azərbaycanda da qiymət artımının olacağı istisna edilmir. Məsələ ilə bağlı TİA. Az– a danışan iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, Rusiyanın birtərəfli şəkildə taxıl sazişindən çıxması dünyada ərzaq qiymətlərinə öz təsirini göstərəcək:
” Təsirin nə qədər olması ilə bağlı ehtimallar var. 22 iyulda imzalanıb, 1 avqustda icrasına başlanan taxıl sazişi nəticəsində dünya bazarlarına 20-25 milyon ton həcmində taxıl ixrac olunacağı gözlənilirdi. Amma indiyə qədər təxminən, səkkiz milyonun üzərində taxıl ixrac olunmuşdur, bu, gözlənilən ixracın heç 50 faizi deyil. Hazırda qiymətlərin 15-20 faiz civarı bahalaşacağı gözlənilir. Nəzərə alsaq ki, qarşıdan qış mövsümü gəlir, hələlik taxıl mövsümü uzaqdadır, ciddi bir qiymət artımının olacağı realdır. Hazırda Rusiya da öz şərtlərini diktə edir. Əgər Rusiyanın şərtləri yerinə yetirilərsə, taxıl sazişi bərpa oluna bilər. Azərbaycan da taxıl idxal etdiyi üçün bu ərzaq məhsulları üzrə saziş bərpa olunmadığı təqdirdə bahalaşma qaçılmazdır”.
Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.
“Taxıl sazişi” bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.
Aytac
TİA. Az









