Belçika millisinin sabiq futbolçusu Emil Mpenza bu ölkənin “Gent” klubunu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” önündə favorit hesab edib.
“Neftçi”nin keçmiş hücumçusu “Report”a müsahibəsində komandaların şanslarını dəyərləndirib.
45 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın 1:0 hesabı ilə qalib gəldiyi ilk görüşü izlədiyini söyləyib: “Açığı, “Qarabağ” məni təəccübləndirdi. Onlardan belə performans gözləmirdim. Fikrimcə, layiqli qələbə qazandılar. Hətta deyərdim ki, 1-2 epizodda “Gent”in bəxti gətirdi”.
Mpenzanın fikrincə, Azərbaycan çempionunu fevralın 23-də Belçikada ağır sınaq gözləyir: “Səfərdə uduzmasına baxmayaraq, “Gent”i favorit sayıram. Əminəm ki, həmyerlilərim doğma azarkeşləri önündə sona qədər vuruşacaqlar. Bu dəfə “Qarabağ”ı çox çətin oyun gözləyir”.
Emil Mpenzanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.









