Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir. Bu görüş digər görüşlərdən fəqrli olacaq və Laçın yolunda baş verən proseslər fonunda keçiriləcək. Görüş Yerevanın mövqeyində nələrin dəyişəcəyini göstərəcək.
Tribuna.az xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, növbəti danışıqlara Azərbaycan kifayət qədər əlini gücləndirərək qatılır:
“Ermənistan bir il ərzində aparılan intensiv danışıqlar prosesini pozub. Həm Moskvada, həm də aktiv olan Brüssel formatı, son olaraq Vaşinqtonun vasitəçiliyi nəticəsiz qaldı. Demək olar ki, yola saldığımız ili itirilmiş il olaraq xarakterizə etmək olar. Halbuki bu il ərzində sülh müqaviləsi bağlana bilərdi. Amma il ərzində bir çox məsələlərə aydınlıq gəldi və Azərbaycan son “yumuşaq gücdən” istifadə edərək Qarabağda əsas təzyiq rıçaqlarının əlində olduğunu Ermənistana anlatdı”.
M.Əsədullazadə bildirib ki, nazirlərin növbəti görüşü Moskvanın vasitəçiliyi ilə deyil, Brüssel formatında keçirilərsə, yeni danışıqlar üçün zəmin yarana bilər:
“Artıq Avropa İttifaqı da Ermənistanın sülh müqaviləsinin yayınmasından və Rusiyanın vasitəçiliyinə üstünlük verməsindən narahatdır. Sülhü və təhlükəsizliyi təhdid edən Rusiyadır. Moskva prosesdə əsas qızışdırıcı faktordur. Məhz Moksvanı prosesdən uzaqlaşdırmaq üçün ciddi mexanizmlər işləyib tapmaq lazımdır. Türkiyə faktoru isə ən optimal variantdır. Avropa İttifaqı da bu kontekstdə Ankaranın vasitəçiliyini irəli sürüb. Xarici işlər nazirlərinin görüşündə Türkiyənin vasitəçiliyi danışıqlar predmeti olacaq. Ermənistan Türkiyənin vasitəçiliyinə razı olarsa, bu Ankara Yerevan əlaqələrinin inkişafına zəmin yaradacaq. Hazırda iki ölkə arasında normallaşma prosesi başlayıb. Ona görə də Türkiyə faktoru Cənubi Qafqazda əsas sülhün təminatçısı ola bilər”.
Nigar
Tribuna.az










