Azərbaycanda doğulan uşaqların sayı ildən-ilə azalır. Bu, ilk baxışdan adi statistik dəyişiklik kimi görünə bilər. Amma əslində söhbət təkcə doğum evlərində boşalan palatalardan getmir. Bu rəqəmlər gələcəyin məktəblərini, universitetlərini, iş bazarını, ordusunu, pensiya sistemini və bütövlükdə ölkənin demoqrafik taleyini müəyyən edir.
Tribuna.az-a xəbər verir ki, doğumun azalması birdən partlayan problem deyil — yavaş-yavaş gələn, amma ağır nəticələr doğuran səssiz böhrandır.
Rəqəmlər artıq siqnal verir:
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk 6 ayında ölkədə 48 min 702 körpə doğulub və bu göstərici hər 1000 nəfərə 9,6 təşkil edib. Müqayisə üçün, 2023-cü ilin ilk 6 ayında bu göstərici 53 min 918 doğum və hər 1000 nəfərə 10,7 idi. 2025-ci ilin yanvar-fevralında isə doğulanların sayı 15 min 971 olub və doğum səviyyəsi 9,7-yə enib. Bu, azalma tendensiyasının davam etdiyini göstərir.
Azalma gedir və bu, artıq statistik fakt olaraq qarşımızdadır.
Niyə az doğulur?
Doğum sayının azalmasının səbəbi tək bir amil deyil. Bu, bir neçə sosial, iqtisadi və psixoloji səbəbin üst-üstə düşməsidir.
1. Uşaq böyütmək bahalaşıb
Ən böyük səbəblərdən biri budur:
insanlar artıq sadəcə uşaq dünyaya gətirməyi yox, onu necə böyüdəcəyini düşünür.
Bu gün ailə qurmaq və uşaq böyütmək əvvəlki nəsillərlə müqayisədə qat-qat baha başa gəlir.
Kirayə, ipoteka, bağça, məktəb, hazırlıq, geyim, qida, tibbi xərclər — bütün bunlar gənc ailələrin qərarına birbaşa təsir edir.
Bir çox ailə üçün artıq məsələ “uşaq istəyirikmi?” yox,
“onu layiqincə böyüdə biləcəyikmi?” sualına çevrilib.
2. Gənclər ailə qurmağa gec başlayır
Əvvəllər erkən yaşda evlilik daha geniş yayılmışdı.
İndi isə insanlar daha gec ailə qurur, daha gec övlad planlaşdırır.
Bunun səbəbləri aydındır:
maddi sabitliyin olmaması,
işsizlik və gəlir qeyri-müəyyənliyi,
mənzil probleminin dərinləşməsi,
münasibətlərə və ailəyə baxışın dəyişməsi.
Nəticədə ailə qurmaq gecikir,
ailə qurulanda isə çox vaxt uşaq sayı da azalır.
3. Boşanmaların artması və ailə modelinin dəyişməsi
Rəsmi rəqəmlər göstərir ki, boşanma da demoqrafik mənzərəyə təsir edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk 6 ayında 22 min 250 nikah, 10 min 430 boşanma qeydə alınıb. 2024-cü ilin ilk iki ayında isə boşanmaların hər 1000 nəfərə düşən səviyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə artmışdı.
Ailə institutunda sarsıntı olduqca, doğum qərarı da zəifləyir.
Çünki sabit münasibət, təhlükəsiz ailə mühiti və gələcəyə inam olmayanda insanlar övlad sayını artırmağa meylli olmur.
4. Qadınların seçimləri və həyat prioritetləri dəyişib
Bu, gizlədiləsi məsələ deyil.
Müasir qadın artıq təkcə “ailə qurmalı və uşaq doğmalıdır” qəlibi ilə yaşamır.
Təhsil, karyera, iqtisadi müstəqillik, şəxsi inkişaf, psixoloji rahatlıq — bütün bunlar qadınların həyat planlamasında daha böyük yer tutur.
Bu, problem deyil.
Problem odur ki, cəmiyyət qadının həm işləməsini, həm uğurlu olmasını, həm də bir neçə uşağı rahat böyütməsini istəyir, amma bunun üçün real sosial dəstək sistemi yaratmır.
Gülşən Rəsul









