Avroparlament dünənki addımı ilə Aİ – Azərbaycan münasibətlərinə xələl gətirmək əzmini nümayiş etdirdi. Layihənin əleyhinə səs vermələri üçün sabaha kimi vaxtları var.
Tribuna.az-ın məlumatıa görə, bu fikirlərlə politoloq Zaur Məmmədov çıxış edib. O bildirib ki, dünən Avroparlament tərəfindən Laçında baş verənlərlə bağlı ölkəmizi günahlandıran layihə ilə çıxış etmələri, Azərbaycandan dəhlizi açmaq istənilməsi və Bakını Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının qorunmasına çağırması, Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığı, Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması kimi tələblərin layihəyə salınması – qərəzli və birtərəfli münasibətin bariz nümunəsidir:
“Aydın məsələdir ki, Azərbaycan üçün dünən Avroparlamentdə səsləndirilən bəyanatların heç bir mənəvi, siyasi, hüquqi çəkisi yoxdur. Əgər Avroparlament həqiqəti demək istəyirsə o zaman ərazi bütövlüyü məsələsində niyə Azərbaycanın adını çəkmədi? Avropalıların erməni hərbi birləşmələrinin Qarabağın dağlıq hissəsindən çıxarılması tələbini səsləndirməmələri, əvəzində Azərbaycan hərbçilərinin Ermənistandan çıxarılması kimi tələb çıxışlar qərəzin son həddidir.
Beləcə, Fransa və Ermənistan Aİ -nın prezidenti Şarl Mişelin son 1 ildə Bakı və İrəvan arasında effektiv vasitəçi kimi nailiyyətlərinin üstündən xətt çəkmiş olur. Görünən odur ki, Şarl Mişel və Fon Layen kimi fiqurlara qarşı erməni diasporası, Fransa hökuməti tərəfindən təzyiq mexanizmi məhz Avroparlament, Avropa Komissiyası qismində meydana buraxılıb və bu cür avantürist çıxışlar davamlı olacaq”.
Siyasi şərhçi bildirib ki, Avroparlamentin dünən hazırladığı layihə mətni sabah qəbul edilərsə, Azərbaycan – Aİ arasında yeni sazişin imzalanmasının vaxtı bir qədər də uzanacaq və mümkünsüz olacaq:
“Əgər Avropa strukturları Cənubi Qafqaza yanaşmalarında məhz erməni məsələsi prinsipi ilə yanaşacaqlarsa, sözsüz ki, qitənin siyasi institutunun bölgədəki nüfuzuna zərbə vurmuş olacaqlar”.
Tribuna.az










