ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, təşkilat ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə bilən bir çox alət və mexanizmlərə malikdir.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, “Minsk qrupunun işi hazırda dondurulub, lakin bu format hələ də lazım ola bilər”, -ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
44 günlük müharibədən sonra Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk Qrupunun təmsil etdiyi vasitəçilik formatı mövcud deyil və buna ehtiyac yoxdur.
Osmaninin qeyd etdiyi kimi, ATƏT Minsk Qrupunu dəstəkləyir. Təşkilat bəzi tərəflərin öz işi ilə bağlı fərqli fikirləri, eləcə də dəyişmiş geosiyasi şərait, həmsədrlər arasında münasibətlərin dinamikası və birgə işin olmamasından xəbərdardır.
“Minsk qrupunun işi hazırda dondurulub. Amma uyğun şərtlər yaranarsa, Minsk formatının rolu yenidən artacaq. ATƏT təkcə Minsk Qrupu deyil, Təşkilatın bir çox başqa alətləri var. Azərbaycanlılar və ermənilər arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə bilən mexanizmlər var”, – ATƏT sədri bildirib.
Osmaninin qeyd etdiyi kimi, o, bölgəyə məhz bu prosesi asanlaşdırmaq, sabit nizamlanmaya nail olmaq üçün gəlib.
Xatırladaq ki, aprelin 12-də ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin İrəvana işgüzar səfəri başlayıb. O, artıq erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparıb. Osmaninin Ermənistanın baş naziri, prezidenti və digər yüksək rütbəli rəsmiləri ilə də görüşü nəzərdə tutulub . İrəvana gəlməzdən əvvəl ATƏT-in Baş Direktoru Azərbaycana səfər edib və burada ölkənin ali rəhbərliyi ilə görüşlər keçirib.









