ARAYİK “GÜC NAZİRLƏRİ”Nİ TOPLADI, TƏMAS XƏTTİNDƏ TƏXRİBAT RİSKİ: SEPARATÇILAR NƏYƏ HAZIRLAŞIR?

ARAYİK “GÜC NAZİRLƏRİ”Nİ TOPLADI, TƏMAS XƏTTİNDƏ TƏXRİBAT RİSKİ: SEPARATÇILAR NƏYƏ HAZIRLAŞIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan bu gün qondarma “güc nazirləri”ni başına toplayaraq, iclas keçirib.

Tribuna.az xəbər verir ki, görüşdə qondarma “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan da iştirak edib.
Arayik görüşdə Laçın dəhlizindəki vəziyyət, yaranmış vəziyyətdən çıxmaq üçün yeni yolların tapılması və ən əsası hərbi durumu müzakirə edib.
Bu toplantıda məhz hərbi məsələnin gündəmə gətirilməsi kifayət qədər diqqətçəkəndir. Çünki bu ermənilərin təxribata hazırlaşmasından xəbər verən nüanslardan biridir.
Qeyd edək ki, separatçılar Laçın dəhlizində aksiyaların başlamasından sonra dünya ictimaiyyətini aldatmaq üçün bir neçə varianta əl atıblar. Həmin variantlardan biri qazın verilişinin dayandırılması olub. Belə ki, Qarabağa təbii qazın verilməsi prosesi Ermənistandan tənzimlənir. Bu işi həyata keçirən isə “Qazprom Ermənistan” şirkətidir. Həmin şirkətsə hələ aksiyaların ilk günündə bəyan etdi ki, qaz nəqlinin dayandırılması prosesi məhz Qarabağdakı separatçıların xahişi əsasında reallaşdırılıb. Yəni, separatçılar deyib, onlar da xətti bağlayıblar.
Bu açıqlamadan sonra ermənilərin ilk planı alınmadı. Ardından ağır xəstələrin olması, onların İrəvana aparılması barədə qara-qışqırıq saldılar ki, Azərbaycan tərəfi bu bəhanələrini də əllərindən aldı. Rəsmi Bakının göstərişi ilə Xankəndidəki ağır xəstələr ambulanslarla Ermənistana yola salındı. Nə ölən oldu,nə dəkomaya düşən.
Ərzaq və dərman çatışmazlığı məsələsini də gündəmə gətirən ermənilər bu planlarının da işə yaramadığını gördükdən sonra həmin məsələnin üzərinə getmədilər. Çünki Azərbaycan Qarabağda yaşayan ermənilərin humanitar problemlərini həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Amma erməniləri gülünc vəziyyətə düşdüklərindən, çıxış yolunu təxribata əl atmaqda görürlər. Əvvəlcə bir qrup adam Xankəndidən Şuşa yolu ilə hərəkət edərək, aksiya keçirən azərbaycanlı ictimai-siyasi fəallarla görüşmək istədilər. Onların arasında azərbaycanlılara nifrət etdiyini deyən şəxslərin də olması o demək idi ki, əgər həmin yürüş aksiyaçılarla görüşlə yekunlaşsaydı, şübhəsiz, mübahisə və dava-dalaşa yaranacaqdı. Ki, ermənilər də bundan məharətlə istifadə edəcəkdilər. Lakin bu cəhdin qarşısı iki dəfə alındı və ermənilərin planı bu dəfə də baş tutmadı.
Arayik Harutyunyanın tez-tez “güc nazirləri”ni toplayaraq, onlarla görüş keçirməsi və hərbi vəziyyəti müzakirə etməsi isə hazırkı dönəmdə təxribat hazırlığının sonuncu mərhələsi hesab olunmalıdır. Çünki separatçılar vəziyyətdən çıxa bilmirlər. Dünyaya indiyə qədər göndərdikləri yalan məlumatların da bir işə yaramadığının fərqindədirlər. Ona görə də, daha “təsirli vasitə” axtarırlar ki, beynəlxalq ictimaiyyəti növbəti dəfə aldada bilsinlər.
Bəs, bu təxribat nədən ibarət olacaq? Tribuna.az-a danışan ekspertlərin bir qismi hesab edir ki, separatçıların son addımı təmas xəttində Azərbaycan Ordusuna qarşı müxtəlif təxribatlara əl atması ilə müşahidə oluna bilər. Belə ki, qanunsuz erməni silahlı dəstələri mövqelərimizi atəşə tutmaqla yanaşı, həm də səgərlərimizi təxribata çəkməyə çalışaraq, itki ilə yekunlaşan addımlar ata bilər. Yəni, mövqelərimiz atşə tutulur, Azərbaycan Ordusu təbii ki, bunun qarşısını almaq üçün adekvat tədbirlər görür, hadisələr qızışaraq lokal hərbi toqquşmaya çevrilir, erməni tərəfi itki verir və separatçılar da bu hadisəni əllərində “bayraq” edərək, “ay aman, Azərbaycan bizə hücum etdi, soyqırım qapıdadır” təbliğatına başlayırlar. Və buraya özlərinin öldürdükləri bir-iki mülki əhalini də əlavə edərək, məsələni daramatikləşdirməyə başlaya bilərlər. Hazırda ermənilərə ən çox məhz bu çeşiddən olan “təbliğat” vasitələri lazımdır.
Beləliklə, atalar misalında deyildiyi kimi, “su yatar, düşmən yatmaz” və düşmən iş başındadır. Azərbaycana qarşı mümkün təxribat ssennarilərini həyata keçirmək üçün əlverişli fürsət gözləyir. Ona görə də, diqqətli olmaq, düşmən təxribatını elə beşikdəcə boğmaq lazımdır.

Tribuna.az