AQTA “ÇÖRƏKÇİ” İLƏ BAĞLI QƏRARINI AÇIQLADI…

AQTA “ÇÖRƏKÇİ” İLƏ BAĞLI QƏRARINI AÇIQLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Elçin Əlibəylinin “Çörəkçi”də təhlükəli göbələklər aşkarlanmasıyla bağlı yaydığı məlumata “Çörəkçi”dən cavab gecikməyib.

Tribuna.az-a bununla bağlı açıqlama verən “ATS Food” MMC-nin Hüquq Departamentinin Direktoru Akif Abbasov bildirib ki, “Çörəkçi” əmtəə nişanı adı altında istehsal olunan “Baton ekstra” çeşidi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bildiririk ki, 30.11.2022-ci il tarixdə kütləvi informasiya vasitələrində illərdir bazarda liderliyini qoruyan, hər bir ailənin süfrəsində yer alan “ATS Food” MMC-yə məxsus çörək zavodunun istehsal etdiyi “Çörəkçi” əmtəə nişanı adı ilə ən çox satış payına sahiblik edən çeşidlərdən biri – “Baton ekstra” çeşidi barədə marka imicinə mənfi yöndə təsir edə biləcək qərəzli və böhtan xarakterli məlumatlar yer almaqdadır.
Çörək zavodunun istehsal etdiyi “Çörəkçi” əmtəə nişanına məxsus bütün çeşidlər ISO sertifikatlı istehsal sahəsində tam avtomatlaşdırılmış, insan əli dəymədən, sanitar-gigiyenik norma tələblərinin qorunduğu və ixtisaslaşmış kadr heyətinin nəzarəti altında istehsal olunur. Sözügedən istehsal sahəsinin Azərbaycan Akkreditasiya Mərkəzində qeydiyyatdan keçmiş (AZ 01.0475.01.20) mərkəzi laboratoriyası fəaliyyət göstərməkdədir. İstehsal sahəsində istifadə olunan bütün xammalların, hazır məhsulların mərkəzi laboratoriyamızda mütamadi yoxlanışı reallaşdırılır. İstehsal olunan bütün çeşidlərin şahid nümunələrinin keyfiyyət göstəricilərinə mərkəzi laboratoriyada yararlılıq müddətləri ərzində nəzarət olunur.
Çörək zavodu gündəlik 46 ton məhsul istehsalını yüksək keyfiyyətli xammallardan istifadə etməklə reallaşdıraraq, istehlakçılarına xidmət göstərən istehsal müəssisədir və daima Azərbaycan bazarında fəaliyyətinin dürüstlüyü, şəffaflığı ilə seçilib və seçilir.
Heç bir əsası olmayan qərəzli və böhtan xarakterli məlumatların KİV-də yayılması ilə bağlı şirkət rəhbərliyi və aidiyyəti əməkdaşları tərəfindən ciddi araşdırmalar aparılır, yekunda qeyd edilən məsələnin hüquq müstəvisində araşdırılması üçün aidiyyəti hüquq mühafizə orqanlarına şirkət rəhbərliyi tərəfindən müraciət olunacaqdır”.

AQTA-nın qərarı …

“Çörəkçi” zavodunun məhsullarında keyfiyyət göstəriciləri ilə bağlı irəli sürülən iddialar tam olaraq əsassızdır və heç bir uyğunsuzluq aşkar edilməmişdir.

Bu barədə Tribuna.az-a “ATS Food” MMC-nin Hüquq Departamentinin Direktoru Abbasov Akif məlumat verib. O, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin zavodda apardığı yoxlamanın cavabını ictimaiyyətin diqqətinə çatdırıb:

“ “ATS Food” MMC-nin “Çörəkçi” zavodunun çörək məhsulunda zərərli göbələklərin aşkarı barədə yayılmış əsassız, qərəzli və böhtan xarakterli şayiələrə cavab olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 02.12.2022-ci il tarixli “Yoxlamanın aparılması haqqında Qərar”ı əsasında Agentliyin Regional Sınaq Laboratoriyasında keçirilmiş yoxlama nəticələrinin sınaq protokolunu ictimaiyyətin diqqətinə çatdırırıq. Sınaq nəticələrindən də bəllidir ki, məhsulun keyfiyyət göstəriciləri ilə bağlı irəli sürülən iddialar tam olaraq əsassızdır və heç bir uyğunsuzluq aşkar edilməmişdir”.